Səfər Mehdiyev iranlı nazirlə görüşdü


12:45     19 Aprel 2019 2019/04/gomruk-(2)_1555663589.jpg

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Femida.az xəbər verir ki, görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

Sədr Səfər Mehdiyev Azərbaycan-İran münasibətlərinin son illər səmərəli və işgüzar əməkdaşlıq müstəvisində inkişaf etdiyini, iqtisadi münasibətlərin gücləndiyini, ticarət dövriyyəsinin artdığını bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qeyd edilib ki, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlər iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafında müsbət rol oynayır.

Son illərdə ölkəmizdə gömrük sahəsində aparılan islahatlardan bəhs edən Səfər Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklər ölkəmizin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

Nazir Rza Rəhmani ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün istiqamətlərdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 399