Su pulu yığmaq adı ilə qoca qadının evinə girdi, qarət etdi


18:10     19 Aprel 2019 19_04_19_1555676184.jpg

Xətai rayonu ərazisində qarət hadisəsi qeydə alınıb. Oğru 1938-ci il təvəllüdlü, Xətai rayon sakini Hacıyeva Lidiya Yaqub qızına özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. Beləcə yaşlı qadını aldadaraq, onun mənzilinə daxil olub və cinayət törədib.


Bu barədə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, aprelin 18-də 10:30 radələrində Sarayevo küçəsində yerləşən yaşayış binasında yaşayan L.Hacıyevanın qapısını tanımadığı bir kişi döyüb. Naməlum şəxs beş manatdan su pulu yığdığını bildirib. Qadın ona inanaraq həmin şəxsi mənzilə buraxıb.

Zərərçəkən tələb olunan məbləği ödəmək üçün pul kisəsini açıb. Cinayətkar pul kisəsində olanları qarət edərək, hadisə yerindən qaçıb. Onun ümumilikdə 3500 manat dəyərində qızıl-zinət əşyalarını qarət etdiyi bildirilir. Hazırda Xətai rayon 34-cü Polis İdarəsinin əməkdaşları həmin cinayətkarı axtarır.

Qeyd edək ki, ötən günlər ərzində paytaxtda üç qarət hadisəsi qeydə alınıb. Aprelin 18-də 21:30 radələrində 1966-cı il təvəllüdlü, əvvəllər məhkumluğu olan Babayev Etibar Xasməmməd oğlu dükandan iki avtomobil təkəri oğurlayıb. Ancaq ağır yüklə çox qaça bilməyib. O saxlanılaraq, hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Bundan əvvəl E.Babayevin soyğunçuluq, radioaktiv materiallardan qanunsuz istifadə, narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamları üzrə məhkumluğu olub.

Üçüncü qarət hadisəsi isə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Ayın əvvəlindən Bakıda ümumilikdə 12 qarət hadisəsi qeydə alınıb, onlardan səkkizinin üstü açılıb.

Açar sözlər:

Oxunub: 428