Köhnə bina, xarab liftlər, qoxulu divarlar... - Nəşriyyat binasında şərait niyə düzəlmir?


16:45     22 Aprel 2019 2019/04/s_1555936051.jpg


Bir neçə il sonra 100 yaşını qeyd edəcək Azərbaycan Dövlət Nəşriyyatının binası mədəniyyət abidəsi sayılır. Rəsmi olaraq bu bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində mədəniyyət abidəsi kimi qeydiyyatdadır. Ümumiyyətlə "Azərbaycan" Nəşriyyatı Prezident Aparatının balansındadır. 45 ildir təmir olunmayan bina 1974-cü ildən bəri bir çox qəzetlərin evi kimi fəaliyyət göstərir. Bu günədək görülən xırda kosmetik işlər binanı köhnə ab-havadan, divarlara hopmuş qoxudan, liftlərin tez-tez xarab olması, siqaret kötükləri və zibildən xilas etməyib.

Qeyd edək ki, Azərbaycan nəşriyyatının binası 9 mərtəbədən ibarətdir. Binada müxtəlif redaksiyalara icarəyə verilmiş otaqlar, müxtəlif sexlərin yerləşdiyi çap sahəsi, eləcə də, qəzet-jurnal ekspedisiyası yerləşir.

Təəssüf ki…

Binanın bütün mərtəbələrdə istənilən yerdə siqaret çəkilir, kötükləri hara gəldi atılır, sanitar qovşaqlarda natəmizlik var. Nəşriyyatın mətbuat xidmətinin rəhbəri Yeganə Qasımova Femida.az-a açıqlamasında bildirib ki, binanın təmiri hələ ki gündəmdə deyil:

“Binanın təmir olunması bizim imkanımız xaricindədir. Nə vaxtsa, dövlət tərəfindən pul ayrılarsa, bunu mərhələli şəkildə edərik. Biz binadakı ofisləri Bakı şəhərindəki digər yerlərlə müqayisədə çox-çox aşağı qiymətə icarəyə veririk. Bu məbləğ də binanın kommunal xərclərini qarşılamaq üçün ancaq bəs edir. Hazırda binada 100-dən çox redaksiya fəaliyyət göstərir”.



Təyinat dəyişə bilərmi?

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Nəşriyyatının binasının təyinatının dəyişdiriləcəyi ilə bağlı məlumatlar var idi. Binanın quruluşu və yerləşdiyi məkan gözəl olduğu üçün buranı otel kimi istifadə etmək istəyirdilər. Təbii ki, əvvəlcə böyük yenidənqurma işləri aparmaq şərti ilə. Lakin nədənsə, bu söhbətlər reala çevrilmədi.

Yaxın gələcəkdə binanın başqa məqsədlə istifadə olunacağı gözlənilən deyil. Üstəlik burada yerləşən redaksiyaların başqa ofislərə köçürülməsi onlar üçün böyük böhran deməkdir. Redaksiyaların boşalması isə onsuz da birtəhər özünü ayaq üstə saxlayan binanın tamamilə fəaliyyətini dayandırması ilə nəticələnə bilər. Bir sözlə, Nəşriyyat binasına yeni nəfəs verilməsi yalnız və yalnız dövlətdən asılıdır.

Mətbuat Şurasının mövqeyi

Redaksiyaların şəraitsiz vəziyyətdə işləməsi ürəkaçan hal deyil. Odur ki, bəzi KİV orqanları Nəşriyyat binasından imtina edərək şəhərin digər yerlərində ofis icarəyə götürüb. Bu isə maddi baxımdan sərfəli deyil. Mətbuat Şurasının da arzusudur ki, bina təmir olunduqdan sonra redaksiyalar kompakt şəkildə burada toplaşsın. Bu barədə MŞ-in sədr müavini Müşfiq Ələsgərli Femida.az-a danışıb:



“Ümumiyyətlə Mətbuat Şurasının təmir və digər məsələlərlə bağlı hər hansı səlahiyyəti yoxdur. Amma arzu olaraq onu deyə bilərəm ki, bu bina jurnalistlərin kompakt yığışdığı yerdir. Lakin indi əksər redaksiyalar kənar yerlərdə ofis icarəyə götürməyə çalışır. Çünki orada şərait ürəkaçan deyil. Nəşriyyat binasının ciddi şəkildə təmirə ehtiyacı var. Çoxdankı arzumuzdur. Çünki burada redaksiyalar güzəştli qiymətlərlə icarəyə verilir. Amma faktiki olaraq onun üçün nə etmək lazımdır, bu bizim səlahiyyətimizdə deyil. Dünyanın əksər ölkəsində bu təcrübədən istifadə olunur. Mahiyyəti odur ki, KİV qurumları üçün güzəştli qiymətlər təklif etsin".

Qeyd edək ki, Azərbaycan Dövlət Nəşriyyatı - Azərnəşr 1923-cü ildən bu günədək fasiləsiz fəaliyyət göstərir. Bu illər ərzində zamanın, dövrün tələbinə uyğun on minlərlə müxtəlif profilli kitab nəşr edib. Nəşriyyatın binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün sonuncu dəfə 2017-ci ildə qiymətlər artırılıb. Həmin il yanvar 1-dən etibarən kommunal xərclərə görə, müqavilə qiymətləri 36 faiz qaldırılıb. Binanın vergi ödəyicisi kimi gəlirindən vergi ödəməsi ilə bağlı sualımıza isə cavab tapmaq mümkün olmadı. Belə ki, qurumun iqtisadiyyat şöbəsindən zəngimizə cavab verən olmadı.


Amin Nəzərli

Femida.az

Açar sözlər: #nəşriyyat   #KİV   #media   #qəzet   #bina   #jurnalist  

Oxunub: 1975