16 icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib


18:42     22 Aprel 2019 2019/04/0E295B55-9C94-4A40-A304-757E221466EB_1555944258.jpeg

Ədliyyə Nazirliyinin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının qarşıda qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

Femida.az xəbər verir ki, iclasda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini qeyd edib, icra işinin yaxşılaşdırılması üzrə görülən tədbirləri və qarşıda duran vəzifələri vurğulayıb.

Nazir dövlət başçısının növbəti dəfə ölkə rəhbəri seçilməsinin bir illiyi ərəfəsində imzalanmış Fərmanın işin müasir çağırışlara uyğun qurulmasına xidmət etdiyi bildirilib, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, yeni İcra Məcəlləsi layihəsinin hazırlanması, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə məlumat verilib. İcra xidməti tərəfindən vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi, bu sahədə süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə konkret göstərişlər verilib.

Müşavirədə yerli icra qurumlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən dövlət başçısının tapşırığı ilə bölgələrdə keçirilən səyyar qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. Bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin süründürülməsi və vətəndaşların haqlı narazılığına səbəb olan digər neqativ hallar diqqətə çatdırılıb. Bu sahədə işin səmərəliliyinin artırılması, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Qeyd olunub ki, son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib, onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra məmurları barəsində qəti tədbirlər görülüb, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub, bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.

Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görüləcəyi vurğulanıb. Xidmətin işinin dövlət başçısının Fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.

Sonra müşavirə "İcra sahəsinə dair qanunvericiliyin tətbiqinin bəzi məsələləri" mövzusunda təlimlə davam edib, iclas iştirakçılarını maraqlandıran praktiki suallar cavablandırılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 620