Tələt Paşa qətlinin PƏRDƏ ARXASI (FOTOLAR + VİDEO)


16:40     24 Aprel 2019 19_04_24_1556109218.jpg


Birinci Dünya müharibəsi Osmanlı İmperiyası və onun müttəfiqləri baxımından mğlubiyyətlə bitmişdi. Mudros müqaviləsindən sonra Osmanlı ordusu silahlarını buraxmış və təslim olmuşdu. Dövrün komandirləri qurban edilməmək üçün ölkəni tərk etməyə başladılar. Daxili işlər naziri Tələt Paşa 1918-ci ilin oktyabrda istefa verdi. Noyabrın 1-də Ənvər, Camal və Bahəddin Şakir Paşa ilə birlikdə İstanbulu tərk etdi. Tələt Paşa yaşamaq üçün Berlini seçdi və burada sadə bir həyata başladı. Əlbəttə ki, o düşmənlərdən gizlənmək üçün burada başqa bir ad və pasportla yaşayırdı.

Femida.az bildirir ki, bu vaxt ermənilər mənfur planlarını qurmaqda idi. Birinci dünya müharibəsi dövründə ermənilərin köçürülməsi zamanı ölən ermənilərin intiqamlarını almaq düşüncəsiylə osmanlı liderlərinə sui-qəsdlər etməyə qərar vermişdilər. Onlar bu əməliyyatı “Nemesis” (Yunan ədalət və intiqam ilahəsi) adlandırmışdı. Əməliyyatları idarə etmək üçün də ABŞ-dan olan erməni Şaham Natali (Haqop Der Haqopyan) vəzifələndirilmişdi. O, Tələt Paşanın harada yaşadığı haqqında məlumatlar toplayaraq bunu agentinə verdi. 15 mart 1921-ci ildə Berlinə göndərilən killer Solomon Teyliryan adlı erməni sui-qəsdi gerçəkləşdirdi. Axşam 11 radələrində evinə qayıdan paşanı qapının önündə başından vuraraq qətlə yetirdi. Qatil silahı atıb qaçmaq istəyərkən ətrafdakı almanlar onu tutub polisə təslim etdi. O, 24 yaşlı tələbə idi və tutulanda cibindən 12 min mark çıxmışdı.

Paşanın üstündən isə Əli Səid adlı pasport çıxdığından əvvəlcə onun şəxsiyyətini təsbit etmək mümkün olmamışdı. Hadisəni uzaqdan görən dostu türkiyəli Səlim bəyin səyi ilə polis protokollarına Tələt Paşanın öldürüldüyü yazıldı. Tələt Paşanın cənazəsi 19 martda dəfn olunmaq üçün vətəninə göndərildi.


Soldan üçüncü Tələt Paşa

Solomonun ifadəsi

Qatil Solomon isə məhkəmədə cinayəti şəxsən törətdiyini və bundan peşman olmadığını bildirmişdi:

"Almaniyaya bir məqsəd üçün gəlmişdim: Tələt Paşanı öldürmək. Ailəm 1915-ci ildə ermənilərin köçürülməsi zamanı ölüb, mən təsadüfən sağ qalmışam. O vaxt onu öldürmək üçün and içdim. Bəzi erməni mənşəli vətəndaşlar bu işə görə mənə pul verdi. Uzun müddət Berlində oldum. Bir neçə həftə əvvəl Tələt Paşanın evi ilə üzbəüz binada ev tutub qaldım. Ona rahatlıqla nəzarət edib, vərdişlərini əzbərlədim. Ermənilərin qatili Tələt Paşanın öldüyünü eşidən vətəndaşlarımız rahat nəfəs alacaq və bu uğurumdan dolayı mənimlə fəxr edəcəklər. Mən adam öldürmüşəm, amma qatil deyiləm. Məsuliyyəti tam üzərimə götürürəm”.

Maraqlıdır ki, 60 il sonra Türkiyə Xarici işlər orqanı əməkdaşlarını öldürən ASALA üzvləri də eyni şeyləri söyləyəcəkdi.


Erməni killer Solomon və məzarı

Qərəzli məhkəmə qərarı: Qatil həbs olunmadı

Məhkəmədə uzun danışıqlardan sonra yekun çıxışlar edildi. Prokuror cinayətin siyasi zəmində törədildiyini və xalqların düşmənliyinə yol açacağını bildirdi. Daha sonra Solomon üçün ermənilər tərəfindən 426 min mark qarşılığında tutulmuş 3 güclü vəkil çıxış etdi.

3 İyun 1921-ci ildə məhkəmənin münsfilər heyətinin rəhbəri Otto Renke qərarını açıqladı:

"Şübhəli Solomon Teyliryan 15 Mart 1921-ci ildə Tələt Paşanı qəsdən öldürməkdən günahkar deyil”. Solomon məhkəmə zalından azadlığa buraxıldı. Prokuror məhkəmə prosesinin səhv qərar çıxardığını deyərək etirazını bildirsə də, bir neçə gün sonra müəmmalı şəkildə ərizəsini geri çəkdi. Bununla da alman məhkəməsi qərəzli mövqeyini göstərməklə erməni terror təşkilatların ın növbəti cinayətlərinə yol açdı.


Qeyd edək ki...

Mehmet Tələt Paşa 17 Avqust 1874-cü ildə Ədirnədə anadan olub. Hərbi Liseydə təhsil alıb. Ədirnə Poçt və Teleqraf İdarəsində yazıçı vəzifəsində çalışıb. Gənc Türk hərəkatına qoşulub. 1895-ci ildə həbs olunub. 1903-cü ildə Selanik Teleqraf İdarəsinin katibi təyin edilib. 1908-ci ildə Məclis üzvü seçilib. Daha sonra Daxili İşlər naziri təyin edilib.

Paşa Berlin xatirələrində yazırdı: "Məni bir gün küçədə vuracaqlar. Alnımdan qan axacaq. Amma ziyanı yoxdur, vursunlar, vətən mənim ölümümlə bir şey itirməz. Bir Tələt gedər, min Tələt gələr”.

Qeyd edək ki, Tələt Paşanın qatili 1960-cı il mayın 23-də San-Fransiskoda vəfat edib.




Tələt, Ənvər və Xəlil Paşa

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Osmanlı   #Türkiyə   #Tələt_paşa   #erməni   #cinayət  

Oxunub: 3629