ŞOK İDDİA: Bir iti öldürənə 10 manat verirlər - VİDEO

ŞOK İDDİA: " Bir iti öldürənə 10 manat verirlər " - VİDEO


11:47     27 Aprel 2019 2019/04/itleri-bele_1556350596.jpg


"Gecə əlində silahla gəzib itləri güllələyən adamlar var. Onlar hər öldürdüyü itə görə 10 manat pul alır"


Bu gün Bakı küçələrində, məhəllələrdə sahibsiz itlər görmək adi bir haldır. Son vaxtlar baş verən bir neçə hadisə Bakıda sahibsiz itlərin şəhərdən təmizlənməsi məsələsini yenidən gündəmə gətirdi. Belə ki, Sulutəpədə uşağın quduz it tərəfindən dişlənməsi və üzünün parçalanması bir çox valideyni ayağa qaldırdı. Onlar şikayətlər edərək şəhərin itlərdən təmizlənməsini istədilər. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti itləri şəhər mərkəzindən şəhərətrafı ərazilərə daşımağa başladı. Bu isə öz növbəsində bir sıra heyvansevərlərin narazılığına səbəb olub. Ötən həftə İcra Hakimiyyəti binasının qarşısında, eləcə də Dənizkənarı Bulvarda vətəndaşlar toplaşaraq aksiya keçiriblər. Onlar itlərə qarşı bu cür amansız mübarizənin əleyhinədir.


Femida.az-a müraciət edən həmin aksiya iştirakçılarından biri Mədinə Məmmədova bu işdə əsas günahkar kimi “Toplan” sahibsiz itlərə qayğı mərkəzini göstərib:

“Toplan” sahibsiz itlərə qayğı mərkəzi açılanda bizə dedilər ki, İDEA sahibsiz heyvanlara qayğı mərkəzi bütün işləri çatdırmır. Ona görə “Toplan” da ona yardım edəcək. Qeyd edim ki, bu qurum Bakı Şəhər İcra Hakimiyyətinə tabedir. Dedilər ki, burada 4 həkim olacaq, itləri qısırlaşdırıb axtalaşdırıb iynələrini vuracağıq və onları yenidən azadlığa buraxacağıq. Bu proses heç bir əziyyət vermədən olunacaqdı. Amma sonra gördük ki, “Toplan”ın işçiləri hətta qısırlaşdırılmış itləri belə şəhərdən yığıb aparırlar. Səbəbini soruşanda onları yoxlanışdan keçirib buraxacaqlarını desələr də, buraxmadılar. Səbəb kimi isə İcra hakimiyyətinin tapşırıq verdiyini göstərdilər. İcradan deyiblər ki, küçələrdə it qalmamalıdır. Çünki Formula-1 ərəfəsidir, itlər şəhərdə turistləri narahat edə bilər. Qeyd etdilər ki, itləri aparıb regionlarda insan olmayan ərazilərə buraxırlar. Amma sonradan öyrəndik ki, əslində bu mərkəzdə itlər öldürülür və cəsədləri yandırılır. Biz buna qarşı aksiya keçirdik. “Toplan”ın baş kuratoru Sabiq Abdullayev bu işdə əsas göstəriş verən şəxsdir. Onlar televiziyalara da təzyiq göstərdilər ki, itlərin insanlara hücum etdiyini qeyd etsinlər. Qoy insanlar da onların işlərinə mane olmasın. Hətta Sulutəpədə quduz itin uşağı dişləməsi də şübhəli görünür. Həmin ölən it hanı? Ekspertizaya aparıldımı?

İnsanlar min dənə iti öldürəndə heç kim heç nə demir. Amma bir it özünü müdafiə etmək üçün insanı dişləyəndə hamı bunu pisləyir. Onsuz valideyn uşağı təkbaşına küçəyə buraxanda onu it də dişləyə bilər, pedofil də gəlib apara bilər. Bunlar hamısı planlaşdırılmışdı. Ötən il də Formula-1 ərəfəsində belə bir məsələ ortaya atıldı ki, itləri şəhərdən yığışdırılsınlar. Gecə əlində silahla gəzib itləri güllələyən adamlar var. Onlar hər öldürdüyü itə görə 10 manat pul alır”.



Daha bir heyvansevər Nigar Hüseynova isə bildirir ki, bunlar Bakı Şəhər İcra Hakimiyyətinin işləridir. Onun sözlərinə görə, İH tərəfinhdən təkcə itlər yox, pişikləri də öldürülür:

“Ümid edirdik ki, “Toplan” açılanda itlərə qarşı hər şey sivil qaydada aparılacaq. Heyvanlar qısırlanıb yenidən təbiətə buraxılmalı idi. Orada vaksinasiya üçün ayrılan pulun arxasına keçirlər. İtləri vaksinasiya etmək əvəzinə öldürürlər. Bu dəqiqə “Toplan” mərkəzində özbaşınalıq gedir. Ora sadəcə itləri öldürmək üçün aparırlar. Öldürməyəndə isə aparıb Xızıda çölün düzünə buraxırlar. Onsuz da heyvan orada aclıqdan ölür. Bakı-Quba yolunun kənarlarına gedib baxın, orada nə qədər birkalanmış itlər var. Hamısı “Toplan”ın yığdığı itlərdir. Bizim ölkədə heyvanlarla qəddar davranmaq qanunla qadağan olunubsa, niyə gecələr səhərə kimi şəhərdə itləri öldürürlər. Bir it insanı dişləyibsə, həmin iti tutsunlar, bütün itləri niyə öldürürlər? Sulutəpədəki uşağı quduz it dişləməsi isə sadəcə insanların mümkün etirazının qarşısını almaq üçün bir oyun idi. Həmin məlumat doğru deyil. Bakı şəhərində quduzluq ola bilməz. İt havadan necə quduz ola bilər ki? Quduzluq canavardan və digər yırtıcı heyvandan itə keçir ki, Bakının mərkəzində də bu mümkün deyil. Mən 100 dənə heyvana əlimlə yemək verirəm əlimlə. Onlar məni niyə dişləmirlər bəs? Yasamalda bir şəxs tanıyıram ki , itləri tutub üstünə benzin tökür, diri-diri yandırır. Bu cür insanların cəzasını kim verəcək?



Heyvanların Müdafiəsi İctiami Birliyinin nümayəndəsi Fərid Mansurov da məsələdən narahatlıq keçirən insanlar sırasındadır. O, bu cür əməllərə görə, Mərdəkanda itlər üçün özəl sığınacaq yaradıb. Həmin sığınacaqda 400 - ə yaxın sahibsiz it yaşayır.

“Biz sığınacaqdakı itləri küçələrdən toplamışıq. Bu sahədə geniş təcrübəm var. Hazırda itlərin insanları dişləməsi ilə bağlı xəbərlər dolaşır. Bunların hamısının günahkarı “Toplan“dır. Onlar Bakıda itləri tutub qısırlaşdırıb Bakıdan kənar yerlərə aparırlar. Bu ekoloji cinayətdir. Axtalanan itə 2 həftə qulluq olunmalıdır. Amma onlar əməliyyatın səhəri günü itləri Bakıdan kənar yerlərə buraxırlar. Ölən ölür, qalanlar isə böyük sürülərə qoşulub yemək tapmaq üçün kəndlərə axın edirlər.

Bakı sıx yaşayış olan şəhərdir. İtlər tutulub axtalandıqdan, quduzluğa görə peyvənd vurulduqdan sonra yenidən təbiətə buraxılmalıdır. Əlbəttə itlər sürü şəkilində şəhərətrafı yerlərə buraxılsa, onlar aclıqdan kəndlərə yemək tapmaq üçün gələcəklər. Böyük ehtimalla heç “Toplan” qısırlaşdırmaya vəsait sərf etməmək üçün onları öldürür.

Mərkəzin baş kuratoru Sabiq Abdullayev bildirir ki, beynəlxalq təcrübədə itlərin kütləvi şəkildə öldürülməsi var. S.Abdullayev itlərdən xilas olmağı onları öldürməkdə görür. Mən Avropa və Amerika təşkilatları ilə yaxından əməkdaşlıq edirəm. Dünyada belə bir təcrübə yoxdur. Orada yalnız ağır xəstə olan itləri, onsuz da öləcəyi üçün, əzablarını azaltmaq üçün iynə vasitəsi ilə öldürürlər. “Toplan” sahibsiz itlərə qayğı mərkəzi olsa da, əslində qətliamla məşğuldur. İnzibati xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, hansısa heyvan insan tərəfindən öldürülərsə, 500 manat cərimə olunur.

İDEA çox yaxşı fəaliyyət göstərir. Onlar sivil şəkildə itləri zərərsizləşdirib təbiətə buraxır, “Toplan” isə onları yenidən yığıb məhv edir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovla danışdım. O, mənə dedi ki, biz “Toplan”ı tanımırıq. Dediyinə görə, o mərkəzin İcra Hakimiyyətinə hər hansı bağlılığı yoxdur. Mən ona sənəd göstərdim ki, axı bu qurum sizin tabeliyinizdədir”, - deyə Mansurov qeyd edib.



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova dəfələrlə zəng vurmağımıza baxmayaraq, o, zənglərimizə cavab vermədi.

Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən verilən cavabı olduğu kimi təqdim edirik:


“Adından da göründüyü kimi bura sahibsiz itlərə qayğı mərkəzidir. Bizim öncəliyimiz odur ki, insanların təhlükəsizliyini və heyvanların rifahını təmin edək. Heyvanları tuturuq, zərəsizləşdiririk, daha sonra şəhərətrafı ərazilərə buraxırıq, bu qədər. Burada heç bir zərərdən söhbət gedə bilməz. Biz itlərin tutulmasından şikayət edən 2 vətəndaşın şikayətini nəzərə ala bilmərik. Çünki onların sayı 2 nəfərdirsə, itlərin çoxluğundan şikayət edənlərin sayı 2 min nəfərdir. Vətəndaşlar evlərinə yaxın ərazidə itəri istəmirlər. Çünki itlər onlara hücum edir”.



Dövlət Baytarlıq Xidmətinin baytar həkimi Elvin Məhərrəmli Femida.az-a açıqlamasında bildirib ki, sahibsiz itlərə quduzluq əleyhinə peyvənd vurulduqdan sonra onların şəhər əhalisi üçün hər hansı təhlükəsi qalmır:

“İDEA mərkəzi sahibsiz itləri yığır, yaxud hansısa vətəndaş tərəfindən itlər bura təhvil verilir. Orada heyvanlar axtalanır. İtlərin mərkəzdə yaşaması üçün lazımi şəraitlər də yaradıblar. Ölkəmizdə 250 min sahibli it var. Sahibsiz itlərin identifikasiyası isə aparılmır. Bütün itlər quduzluğa qarşı vaksinasiya olunmalıdır. Bu da Dövlət Baytarlıq Xidməti tərəfindən mərhələli şəkildə aparılır. Çünki itlərin sayı həddindən artıq çoxdur. Quduzluğa qarşı peyvənd edilmiş itlərin cəmiyyət üçün ciddi bir təhlükəsi qalmır. Onu da qeyd edim ki, dövlət tərəfindən 13 xəstəliyin vaksinasiyası var ki, pulsuz aparılır. Bunlardan biri də quduzluqdur. Bu çox təhlükəli virusdur. Əgər 72 saat ərzində ona qarşı vaksin vurulmazsa, insan ölür”.

Femida.az məsələni diqqətdə saxlayacaq.

Femida.az

Açar sözlər: #it   #sahibsiz_itlər   #Bakı   #Toplan   #İDEA   #baytar   #araşdırma  

Oxunub: 3349