Elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri


13:29     30 Aprel 2019 19_04_30_1556616770.jpg


Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bugünkü ictimai təqdimat "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusuna həsr olunub. Femida.az xəbər verir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyətinin təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak edirlər.



Tədbirin Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən açılışı, həmçinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupun rəhbəri, hakim Ramin Qurbanovun "Elektron məhkəmə" informasiya sisteminin innovativ imkanları, nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadənin ədliyyə sahəsində tətbiq olunan yeniliklər, İcra baş idarəsinin elektron informasiya üzrə qrup rəhbəri Tural Məmmədovun məhkəmə qərarlarının icrası işinin elektronlaşdırılması, İnformasiya texnologiyaları üzrə baş məsləhətçi, beynəlxalq ekspert Goran Edströmün elektron ədliyyə infrastrukturunda məlumat təhlükəsizliyi barədə əyani təqdimatları nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, dövlət başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması təsbit olunub və ötən dövrdə onun tətbiqi üzrə xarici mütəxəssislərin iştirakı ilə xeyli işlər görülüb. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur. Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir, çoxsaylı komponentlərdən ibarət olmaqla ən mürəkkəb mexanizmləri ehtiva edir, bu iş eyni zamanda uzun sürən prosesdir.
Digər ölkələrin, xüsusilə ədalət mühakiməsinin rəqəmsallaşması sahəsində nailiyyətləri olan dövlətlərin təcrübəsi göstərir ki, bu sistemin tam tətbiqinə 25-30 il vaxt sərf olunur.
Azərbaycanda elektron məhkəmə sisteminin tətbiqi üzrə görülən işlər çərçivəsində sistemin mühüm komponentləri olan Məhkəmələrin vahid internet portalı, Elektron şəxsi kabinet, məhkəmə qərarlarının vahid bazası, elektron icra sistemi yaradılaraq fəaliyyət göstərir.

Vahid məhkəmə portalı fiziki və hüquqi şəxslərə məhkəmə sistemi barədə, o cümlədən ölkənin interaktiv xəritəsi şəklində müfəssəl məlumatlar təqdim edir. Vətəndaşlar bu portal vasitəsilə məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlərin təhsili və hüquq təcrübəsi barədə məlumatlar əldə edə bilirlər.

Eyni zamanda, sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi prosesini asanlaşdırmaq üçün portal vətəndaşları dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz və xahiş ərizələrinin nümunələri ilə tanış edir. Bütünlüklə “Elektron məhkəmə” sisteminə inteqrasiya olunan portal məhkəmə işlərinin vəziyyəti, o cümlədən onların, məhkəmə iclaslarının, bütün kateqoriyalardan olan işlər üzrə çıxarılmış qərarların sayı və s. haqqında məlumatları real vaxt rejimində təqdim edir.

"Elektron şəxsi kabinet" vasitəsilə proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə proseslərini izləmək, təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktub və digər üsullarla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər. Fiziki və hüquqi şəxslərə bank kartlarının köməyi ilə “Şəxsi kabinet”də onlayn məhkəmə rüsumunu ödəmək imkanı yaradılıb.

Elektron məhkəmənin strukturunda məhkəmə qərarlarının vahid bazası da yer almışdır. Bu bazada yekun məhkəmə qərarları cəmləşir ki, bu da hakimlərə, vəkillərə və digər hüquqşünaslara məhkəmə təcrübəsinə yiyələnməyə şərait yaradır və beləliklə, onlara düzgün qərarlar qəbul olunmasında, müdafiənin düzgün qurulmasında köməklik edir.

Bununla yanaşı, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə "Elektron icra" sistemi yaradılaraq tətbiq olunur. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilib, hakim və sahibkarlar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib.
Hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunması islahatlar nəticəsində əldə edilən nailiyyətlərdəndir.

Bu sahədə islahatlara və tətbiq olunan yeniliklərə həmçinin beynəlxalq marağın artmasını nəzərə alaraq, elektron məhkəmə sisteminin mötəbərliyini, effektivliyini, məhkəmələrin idarə olunmasında mühüm rolunu təlqin və təşviq etmək üçün ölkəmiz “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” layihəsi ilə Avropa Şurasının müsabiqəsində iştirak edib və nailiyyətlərimiz “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb.

Eyni zamanda, digər dövlətlərin nümayəndələri ölkəmizin bu sahədə təcrübəsi ilə tanış olur, mütəxəssislərimiz xarici ölkələrə səfərlər edərək elektron məhkəmə sisteminin tətbiqi təcrübəsini aşılayırlar.

Qeyd olunmalıdır ki, Azərbaycanda elektron məhkəmənin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırır, ona əlçatanlığı asanlaşdırır, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət etməyə imkan verir, məhkəmə baxışını tezləşdirir, şəffaflığı təmin edir, süründürməçilik hallarının qarşısını alır.

Ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.

Hazırda bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir.

O da qeyd olunmalıdır ki, mütərəqqi beynəlxalq standartlar nəzərə alınaraq müasir məhkəmə və ədliyyə elektron infrastrukturunun qurulması, əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Bankı birgə mühüm işlər görülüb.

İnnovasiyalar ədliyyə sahəsində də geniş tətbiq olunmaqdadır. Notariat hərəkətlərinin rəsmiləşdirilməsini asanlaşdıran "Elektron notariat" informasiya sisteminin, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkünün tətbiqi, notariusların xüsusi səyyar çantası, mobil notariat proqram təminatı və digər yeniliklər vətəndaşlara xidmət sahəsindəki yeniliklərdəndir.

İctimai təqdimatda mövzu ətrafında müzakirələrin aparılması, iştirakçıları maraqlandıran sualların cavablandırılması nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #ədliyyə   #məhkəmə  

Oxunub: 1930