Elektron məhkəmə sistemində 130 milyon məlumat var - Nazir müavini

"Elektron məhkəmə sistemində 130 milyon məlumat var" - Nazir müavini


13:36     30 Aprel 2019 2019/04/Azer_Cef_1556617867.jpg


"Yaşadığımız texnoloji mühitə keçid dövründə elektron məhkəmənin tətbiqi sürətlə aktuallaşmağa başlayıb. Məsələyə xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin belə bir sistemin yaradılması ilə bağlı 2014-cü ilin fevral Sərəncamı bu işə geniş yol açıb.

Bu sözləri Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. O, bildirib ki, ötən dövr ərzində xarici mütəxəssislərin yaxından iştirakı ilə bu sahədə xeyli işlər görülmüş və hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur. Bir az dəqiq desək, məhkəmələrin 61, icra qurumlarının 40 faizində:

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında dövlət başçısının növbəti, bu ayın əvvəlində imzaladığı Fərmanı isə elektron məhkəmə ilə ölkənin bütün ərazisinin, başqa sözlə, qalan məhkəmə və icra qurumlarının, hətta penitensiar müəssisələrin də əhatə olunmasına və sistemin bütövlükdə ahəng işləməsinin təmin olunmasına yönəlib.

İlk baxışdan işlərin o qədər də intensiv getmədiyi təəssüratı yarana bilər, mətbuatda belə fikirlər səslənib. Bununla bağlı bildirmək istərdim ki, sistem əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir, çoxsaylı komponentlərdən ibarətdir. Onun fəaliyyətinin təmin edilməsi üçün ciddi hazırlıq işlərinin aparılması, elmi tutumu olan texnikanın mövcudluğu tələb olunur. Bu eyni zamanda uzun sürən prosesdir, məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər uzun yolu əhatə edir.

Fikrimi davam etdirərək bildirim ki, ədalət mühakiməsinin rəqəmsallaşdırılması sahəsində ən böyük nailiyyətlər əldə etmiş ölkələrdən olan Sinqapurda bu işə ötən əsrin 85-ci ilində başlanılıb və proses bu yaxınlara qədər davam edirdi. Ölkəmizə münasibətdə müqayisə üçün yada salım ki, bu ölkə bir şəhərdən ibarətdir, hakimlərinin sayı bizdəkindən bir neçə dəfə azdır və onun bütün birinci instansiya məhkəmələri vahid binada yerləşir. Digər ölkələrdə də məsələn, ABŞ-da bu iş 25 ildən artıqdır ki, aparılır.

Sistemin bəzi məziyyətləri barədə ilkin məlumat yəqin ki, yerinə düşər. Onlardan biri və ən öncəsi ölkə məhkəmələrinin Vahid Portalıdır. Portal məhkəmələrə müxtəlif məsələlər üzrə elektron qaydada onlayn rejimdə daha rahat müraciət etməyə, cavab almağa, məhkəməyə müraciət nümunələri ilə tanış olmağa imkan verir, çoxsaylı digər funksiyaları yerinə yetirir.

O daim ictimailəşməkdədir. Artıq ona olunan müraciətlərin sayı bir milyon yarıma yaxınlaşmışdır. Müraciətlər Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Braziliya, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, Hindistan kimi və s. çoxsaylı ölkələrdən də edilir.

“Məhkəmə prosesi iştirakçısının şəxsi kabineti” də elektron məhkəmə sisteminin vacib modullarındandır. Bu kabinet proses iştirakçıları üçün ədalət mühakiməsinə əlçatanlığı daha da asanlaşdırır, hakim və tərəf arasında münasibətləri elektron müstəviyə keçirir. Təbii ki, məhkəmə baxışını tezləşdirir, süründürməçilik hallarının qarşısını alır. Bu kabinetdən istifadə proses iştirakçılarına məhkəməyə sənədləri elektron formatda ötürmək, məhkəmə işinin materialları ilə məsafədən tanış olmaq, proseslər barədə məhkəməyə gəlmədən xəbər tutmaq kimi və s. çoxsaylı imkanlar açır.

Elektron məhkəmənin strukturunda məhkəmə qərarlarının vahid bazası da yer alıb. Bu bazada yekun məhkəmə qərarları cəmləşir ki, bu da hakimlərə, vəkillərə və digər hüquqşünaslara məhkəmə təcrübəsinə yiyələnməyə şərait yaradır və beləliklə, onlara düzgün qərarlar qəbul olunmasında, müdafiənin düzgün qurulmasında köməklik edir. Düşünürük ki, baza, həm də mübahisə tərəflərinin mediasiyaya üz tutması üçün faydalı olacaq.

İcra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron məhkəmənin tərkib hissəsi kimi yaradılan “Elektron icra” sisteminin də bir çox üstünlükləri var. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.

“Elektron məhkəmə” informasiya sistemi daim əldə olunan təcrübəyə əsasən yenilənir, qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində prosedurlarda baş verən dəyişikliklər orada nəzərə alınır, bir sözlə, inkişafdadır.

Ötən ilin dekabrında qanunvericiliyə mülki və iqtisadi mübahisələr üzrə məhkəmə baxışının təyin edilməsi müddətlərinə, iclasların təxirə salınmasının maksimal həddinə, habelə bəzi kateqoriya işlər üzrə sadələşdirilmiş icraat qaydalarına dair və s. yeniliklər sistemin funksiyalarında dərhal nəzərə alınıb.

Yeri gəlmişkən qeyd edim ki, bu dəyişikliklərdən sonra məhkəmələrə iki minə yaxın iddia tələbi elektron versiyada verilib".

Femida.az

Açar sözlər: #nazir   #ədliyyə   #məhkəmə  

Oxunub: 954