Dövlət Komitəsində görüş keçirilib


18:36     01 May 2019 2019/05/IM268-1556716095_1556717250.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 1-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.


Komitədən Femida.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın multikultural dəyərləri və çoxəsrlik tolerantlıq ənənələrindən, nümunəvi dövlət-din münasibətlərindən, DQİDK-nın fəaliyyətindən söz açan Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir. O, bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasətinin də çox böyük rol oynadığını qeyd edib.

Vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, öz milli-mənəvi dəyərlərinə söykənən dövlətdir. Dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir. Dövlət müxtəlif konfessiyalara bərabər münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Azərbaycanda 14 kilsə, 7 sinaqoqun olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu dini ibadətgahların çoxunun dövlət vəsaiti hesabına inşa və bərpa edildiyini deyib.

Dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini diqqətə çatdıran Komitə sədri 2-3 may tarixlərində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün nümunəvi platforma olduğunu qeyd edib.

Söhbət zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə danışan Mübariz Qurbanlı qonaqların dini radikalizmlə mübarizə, tolerantlıq mühitinin qorunması istiqamətindəki suallarını cavablandırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Amerika filialının rəhbəri Janna Skot səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin dövlət tərəfindən inkişaf etdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyətin multikulturalizm fenomenini gerçək mahiyyətinə uyğun şəkildə aktuallaşdırdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətinin tərkibinə ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri, din xadimləri və nüfuzlu jurnalistlər daxildir.


Femida.az

Açar sözlər:

Oxunub: 341