Elman Rüstəmov: “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalına böyük maraq var


18:18     01 May 2019 2019/05/58691864_2323063964383276_8609961040953737216_n_1556723955.jpg

Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Artıq bütün dünya şahmatçıları bu turnirin keçirilməsini səbirsizliklə gözləyirlər. Bu il də ənənəvi olaraq festivalda çoxsaylı şahmatçı iştirak edir.



Femida.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən doqquzuncu “Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbirinin möhtəşəm olduğunu və festivalın beynəlxalq şahmat təqvimində mühüm yer tutduğunu qeyd edib.

Elman Rüstəmov bildirib ki, festivalda 14 ölkədən təxminən 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar. O, Naxçıvanda keçirilən böyük şahmat bayramının uğurla nəticələnəcəyinə əmin olduğunu vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti deyib: “Fürsətdən istifadə edərək, muxtar respublika rəhbərinə festivalın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yeni seçilmiş sədri və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti təyin olunan Seymur Talıbova da gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümidvaram ki, muxtar respublikada şahmatın kütləviliyi və inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımız uğurlu nəticələr verəcək”.

Açar sözlər:

Oxunub: 601