Bakıda beynəlxalq forum başladı - Yüksək səviyyəli rəsmilər iştirak edir


09:47     02 May 2019 2019/05/yoxlama-telim_1556776504.jpg

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabəlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Femida.az xəbər verir ki, bu gün və sabah davam edəcək forumda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin Baş katibi Nasser Kamel, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirça Çiopraqa, İqtisadi əməkdaşlıq Təşkilatı Baş katibi Hadi Süleymanpur, Bəhailərin Beynəlxalq Birliyi baş katibi Joşua Linkoln, Benelux Birliyinin baş katibi Tomas Antoin, Andorranın YUNESKO üzrə Milli Komissiyasının baş katibi Joan Miquel Armengol Petit, Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov iştirak edəcəklər.

Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq.

Forum üç istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda, 2 gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.

Femida.az

Açar sözlər:

Oxunub: 416