Ucarda pambıq Çin texnologiyası əsasında becəriləcək

Ucarda pambıq Çin texnologiyası əsasında becəriləcək


13:26     02 May 2019 2019/05/k2_1556789705.jpg

Ucar rayonunda pambıq bitkisinin Çin texnologiyası əsasında becərilməsi ilə bağlı pilot layihənin təqdimat mərasimi keçirilib.



Femida.az xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, pambıqçılıq üzrə ixtisaslaşmış Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab, Yevlax və digər rayonlardan olan 200-dək fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Çindən dəvət olunmuş mütəxəssislərinin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradılıb: “Azərbaycan Prezidenti İlham Əliyev torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı maksimum yüksək səviyyəyə qaldırmaqla bağlı çox mühüm tapşırıq verib. Bu innovativ texnologiya da fermerin daha az əziyyət çəkməsinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləməsinə səbəb olur. Çin texnologiyasından istifadə nəticəsində istehsalat xərcləri azalır, məhsuldarlıq artır. Siz fermerlər bu gün qazandığınız təcrübənin çarçısı olmalısınız. Biz Beyləqanda və Tərtərdə türk və yunan mütəxəssilərinin iştirakı ilə model təsərrüfatlar yaradırıq. Azərbaycanda pambıqçılığın ənənələri zəngindir, tarixi dərindir. Artıq dünyada kənd təsərrüfatının inkişafı təcrübə müdbadiləsi üzərində qurulub. Biz dünya təcrübəsini öyrənməli, öz yaxşı təcrübəmizlə birləşdirməli və öz təcrübəmizi digər dövlətlərlə bölüşməliyik”.

Daha sonra tədbir iştirakçıları Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında pambıq səpini ilə əyani tanış olublar.

Tədbirin sonunda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təqdimat mərasimindən sonra kənd təsərrüfatı naziri İnam Kərimov səyyar qəbul keçirib. Səyyar qəbulda nazir fermerlərin qayğıları ilə maraqlanıb, müvafiq göstəriş və tapşırıqlar verib.

Femida.az

Açar sözlər:

Oxunub: 162