Məktəblərdə dini dərslər uşaqlara nə verəcək? - Mütəxəssislər ŞƏRH EDİR


11:00     03 May 2019 19_05_03_1556866602.jpg


"Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir".


Femida.az xəbər verir ki, ötən həftə bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirdi. O, bildirdi ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

"Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Bütün məsələlər nəzərə alınır ki, şagirdlərə hər hansı bir fikir yanlış çatdırılmasın".



M.Qurbanlının fikirləri cəmiyyətdə birmənalı qarşılanmadı. Dindar ailələr üçün bu xəbər yerinə düşsə də, əks fikirli insanlar uşaqlarının din təhsili almasını lazımsız bildi.

Məsələ ilə bağlı açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev bu addımın Azərbaycanda yaranmış dini radikalizm probleminin aradan qaldırılması, insanların dini cəhətdən düzgün maariflənməsi üçün atıldığını bildirdi:

“Bu gün Azərbaycanda yaşayan insanlar dini biliyə, savada malik olmaları üçün heç də kütləvi şəkildə məscidlərə axın etmirlər. Çünki məscidlərdə dini dərslər verilmir, insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur. Məscidlərdə tədris olmur, insanlarda əxlaq, mənəviyyat, vətənə sevgi formalaşdırmaq üçün yalnız cümə xütbələri, moizələr olur. Bəs yaranan problemin qarşısını almaq üçün çıxış yolu nədir? Fikrimcə, orta və ali məktəblərdə mütləq şəkildə dini dərslər tədris edilməlidir. Əgər İslamın, digər dinlərin əsasları ilə bağlı tədris və təlim bərpa edilməsə, biz bu problemin qarşısını ala bilməyəcəyik. Bu sahəyə mütəxəssislərin cəlb edilməsi üçün xaricə müraciət etməyə də ehtiyac yoxdur.



Məsələn, pilot layihələr ola bilər. Bunun üçün Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər keçmək mümkündür. Bu məsələdə çox gecikmişik və gecikməkdə davam edirik. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. İslamı düzgün dərk etməyən gənclər yanlış yollara gedir, qeyri-ənənəvi dinləri seçirlər. Əgər onlar orta və ali məktəblərdə düzgün dini təhsil alsaydılar, təbii ki, bu gün belə hal yaranmazdı, onlar xaricdən gələn missionerlərin fətvalarına, yalan təbliğatlarına aldanmazdı, cavanlarımızı da itirməzdik".

Femida.az sözügedən qərarın məktəbli uşaqların psixologiyasında hansı təsirləri yarada biləcəyini araşdırıb. Bununla bağlı psixoloq vəfa Rəşidova saytımıza açıqlama verib. O, bildirib ki, mövzu çox həssas yanaşma tələb edir:

“İstərdim ki, insanlar bu qərarı yanlış anlamasın və valideynlər narahatlıq keçirməsin. Çünki bəzi pasientlərim məndən təşviş içində soruşur ki, dini tədris uşaqlarımıza necə təsir edəcək. Valideynlərin təlaşını başa düşürəm, amma sakitləşmək lazımdır. Dini dərslərin uşaqlara köməyi olacaq. Bir qədər də konkretləşdirsəm, məncə bu addım ilk növbədə məktəblilərin intiharlarının da qarşısını alacaq. Düşünürəm ki, Təhsil Nazirliyi də mövzuya bu aspektdən yanaşıb. Məsələn, 10-14 yaşlı uşaqların dini informasiyaları olmur.

Evdə valideynlərin uşaqlara dediyi “Allahdan qorx, şeytan səni vurar, Allah səni cəhənnəm oduna salar” və s. bu kimi fikirlər yanlışdır. Bu zaman valideynlər özləri də bilmədən uşaqlarda dinə qarşı travma yaradır. Uşaqlar dindən qorxmağa başlayırlar. Yəni din bu qədərmi əzablı bir şeydir?! Ata-ana dinin sadəcə qorxulu tərəflərindən danışır, yaxşı tərəflərin aşılamır. Bu da valideynin məlumatsızlığından irəli gəlir.



Bu gün çoxlu dini təriqətlər var. Valideynlər buna görə qorxur. Lakin məktəblərdə doğru akademik savadı olan ilahiyyatçılar din dərslərini tədris etməlidir. Dini dürüst şəkildə tədris edən müəllim olacaqsa, bunun uşaqlara yalnız xeyri dəyər. Mütləq şəkildə seçilən müəllimlər müxtəlif psixoloji testlərdən keçməlidir. Çünki onların üzərindən böyük bir toplumun gələcəyi həll olunur. Bir sinifdə 15-20 uşaq varsa, deməli burada gələcək 15-20 ailənin fikirləri formalaşır”.

V.Rəşidova bildirir ki, dinin tədrisi zamanı onun tələbləri, haram-halal məsələləri yox, onun tarixi, əhəmiyyəti və s. bu kimi şeylər keçilməlidir:

“Əgər bu dərslər məktəbdə tədris olunacaqsa, ilk növbədə dinin tarixi öyrənilməli, baza formalaşdırılmalıdır. Beləcə uşaq da bilsin ki, dinin kökü hardan gəlir. Yoxsa ki, bu geyim olmaz, filan şey haramdır, başqa bir şey günahdır və s. bu kimi şeylər olmamalıdır.

Məktəblilər yeniyetmə sayılır. Bu dövr insanın ən həssas dövrüdür. Hər sözə, detala fikir verirlər. Odur ki, bu dərslərdə bütün sözlər, ifadələr düşünülmüş şəkildə işlədilməlidir”.

İş fəaliyyətini Türkiyədə də davam etdirən V.Rəşidova bu mövzuda qonşu ölkədə ki təcrübəni də bölüşüb:

“Türkiyədə də dini dərslər tədris olunur. Orada məktəblillər və onların valideynləri arasında əvvəlcə sorğu aparılır. Sual belə olur, siz övladınıza dini dərslərin keçirilməsini istəyirsinizmi? Sorğunun nəticəsinə uyğun olaraq, dini dəsrlər tədris olunur. Elə ailələr var ki, valideynlər ateistdir. Onlar etiraz edir və övladları dini tədrisə qoşulmur.



Mənim şəxsi fikrim belədir ki, dini dərs kimi öyrənmək yaxşı fikirdir. Bu, fərdin formalaşması üçün insana dəstək olur. Ailədə yanlış fikirlərlə dini təfəkkürü formalaşdırmaqdansa, düzgün formada islamın tarixini, qaydalarını dərs şəklində öyrənməyi məqsədəuyğun görürəm”.

Psixiart Fuad Bəşirov da düşünür ki, din haqqında təhsil verilməsi yaxşı haldır. Çünki bu tədris peşəkarlar tərəfindən aparılacaq:

"Xüsusilə yeniyetməlik dövrünü nəzərə alsaq, görərik ki, bu vaxt insanın hissləri ön planda olur, nəinki məntiq. Həmin dövrdə məktəblilər dini cərəyanlara daha asan qoşula bilirlər. Odur ki, onların bu yaş dövründə mənfi hadisələrlə qarşılaşmaq ehtimalı yüksəkdir. Din haqqında düzgün tədris isə peşəkarlar tərəfindən aparılanda bir məqsəd olacaq: uşaqları düzgün şəkildə öyrətmək. Bu sadəcə dinə aid olan bir şey deyil, həm də psixiatiriyaya da aiddir.

İndiyə qədər dinlə bağlı tədrisin olmaması Sovet dövrünün təsirindən irəli gəlirdi. Sovetlər sosializmi ideologiya olaraq öyrədirdi. Amma indi belə bir ideologiya yoxdur. Ona görə insanlar ideologiyaya, bir hədəfin arxasınca getməyə ehtiyac duyur. Məhz bu səbəbdən son illər Azərbaycanda müxtəlif dini cərəyanların yayılması üçün münbit şərait formalaşdı. Ki, bu da heç də müsbət hal deyil. Amma din peşəkarlar tərəfindən öyrədiləndə uşaqlar düzgün olanı görüb özləri qərar verə biləcək.



Fuad Bəşirovun fikirlərinə görə, məktəbdə keçiriləcək dini dərslər inanc məsələsi ilə bağlı olmayacaq:

"Məsələn, riyaziyyatı ona inansınlar deyə keçmirlər. Yaxud, ədəbiyyatı və psixiatriyanı. Din də həmçinin ona inansınlar deyə keçilməz. Din bilgi olaraq verilməlidir. Biz məktəbdə bir şeyi ona inanaq deyə öyrənmirik, elmdir deyə öyrənirik. Məktəb inanc və təbliğat yeri deyil.

Dini tədrislə, din tədrisi arasında fərq var. Birində təbliğat olunur, birində məlumat verilir. Mən məlumat verilməsinin tərəfdarıyam. Hansı ki, burada ateizmdən də, xristianlıqdan da, şərq mədəniyyətindən də tədris etmək lazımdır. Məktəbdə dinin təbliğatı, yaxud əksinə ateizmin təbliğatı və s. bu kimi şeylər qətiyyən olmaz. Çünki bu vaxt yönləndirmə baş verir, insanlarda sürü psixologiyası yaradılır. Amma din haqqında məlumat verilməsi o cəhətdən yaxşıdır ki, insanlar öz düşüncəsi ilə müstəqil şəkildə din haqqında psixologiya formalaşdırır. Sırf din tədrisi isə yalnız və yalnız məktəb yaşından sonra aparıla bilər ki, bu da universitetlərdə mümkündür. Ki, onsuz da Azərbaycan İlahiyyat İnstitutu var.



Qeyd edək ki, Təhsil Nazirliyi də məsələyə münasibət bildirib:

“2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş «Həyat bilgisi» dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.

O ki qaldı ali təhsil müəssisələrinə, təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #din   #islam   #təhsil   #məktəb   #tədris  

Oxunub: 2610