Qazaxda su və kanalizasiya sistemi yenidən qurulur

Qazaxda su və kanalizasiya sistemi yenidən qurulur


18:32     02 May 2019 2019/05/e11cb-1556799183_1556804086.jpg

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb.


“Azərsu” ASC-dən Femida.az-a verilən məlumata görə, podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib, küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel aparılır. Tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər Qazax şəhərində “Azərsu” ASC-nin, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə geniş müzakirə olunub.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Cəbhə bölgəsində yerləşən Qazax şəhərində içməli su və kanalizasiya layihəsinin icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin nümunəsidir.

Tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Qeyd olunub ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.


Femida.az

Açar sözlər:

Oxunub: 159