Sevdiyi qızı evinə ötürüb öpən oğlanı bıçaqlayıb öldürdülər — Bakıdakı cinayətin təfərrüatı


15:59     03 May 2019 qetldownload.jpg

Paytaxtın Nərimanov rayonunda qətl törətməkdə təqsirli bilinərək məhkum edilən Həsənzadə Kamran Rövşən oğlu Ali Məhkəməyə müraciət edib.


Femida.az xəbər verir ki, onun müraciətinə hakim Fərhad Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə olması müəyyən edilib və o, saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisə Nazim Ələkbərov öz sevgilisini evlərinə ötürərkən baş verib. N.Ələkbərov qızı məhəlləsində ötürüb, sağollaşrakən öpüşüblər. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib.
Nazimə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.
Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana "bu vaxt anan, bacın blokda nə gəzir?” - deyib. Bu zaman onların mübahisəsi böyüyüb.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb. Həkimlər tərəfindən göstərilən müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 472