XİN-dən xarici KİV nümayəndələrinə - Tövsiyə


01:10     31 Oktyabr 2015 e00e84be2406d6a25dcc13f32cb442a8.jpg

Azərbaycanda keçiriləcək parlament seçkilərinə xarici KİV-lərin böyük marağı var.

Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün xarici KİV təmsilçilərinin akkreditasiyadan keçirilməsi prosesi barədə Seçki-2015.az saytının sorğusunu cavablandırarkən deyib.

O bildirib ki, seçkiöncəsi proses mövcud qanunvericiliyə əsasən davam edir:

“Azərbaycanda xarici KİV haqqında qanuna əsasən əcnəbi media mənsublarının akkreditasiyasının xüsusi qaydaları mövcuddur. Bu qaydalar əsasında da Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyadan keçirilməsi prosesi davam etdirilir. Akkreditasiyanın müddəti 30 gün müəyyən edilib.

Bundan çıxış edərək akkreditasiya kartı almış əcnəbi KİV nümayəndələri MSK-da qeydiyyata durmalıdırlar. Hazırda xarici mediadan müraciətlər çoxdur, ona görə də əcnəbi KİV təmsilçilərindən bu zaman kəsiyində müvafiq prosedur qaydalarına riayət edilməsi xahiş olunub”.

H.Hacıyev qeyd edib ki, hazırda ölkəmizdə əsas hədəf seçkilər olduğundan başqa mövzularla bağlı Azərbaycana gəlib çəkiliş etmək və material hazırlamaq istəyən xarici KİV təmsilçilərinə Xarici İşlər Nazirliyinin tövsiyəsi olub:

“Həmin media nümayəndələrinə səfərlərini bir qədər ertələmək tövsiyə olunub. Yaxşı olardı ki, həmin KİV nümayəndələri Azərbaycana noyabrın ortalarında gəlsinlər. Ümumilikdə deyə bilərik ki, beynəlxalq medianın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin işıqlandırılmasına böyük marağı var”.

Açar sözlər:

Oxunub: 905