“Məhkəmədə qanunlar həmişə işləmir.”


14:48     18 May 2015 ffffffff.jpg

Fərhad Mehdiyev: “Tələbələrdə məntiq zəif inkişaf edib”


Cəmiyyət inkişaf etdikcə hüquq və azadlıqlarla bağlı suallar da çoxalır.
Bunun üçün də mütəxəssislərə ehtiyac yaranır. Bu gün ölkəmizdə hüquq sahəsi üzrə yetərincə mütəxəssis və mühit varmı?


Mövzu ilə əlaqəli sualları aydınlaşdırmaq üçün dövlət hüququ üzrə doktor, dosent, hüquq üzrə bir neçə kitabın müəllifi Fərhad Mehdiyevə müraciət etdik.

- Fərhad müəllim, bu gün hüquq təhsilinin keyfiyyəti sizi nə dərəcədə qane edir?

Hər hansı bir peşə sahibinin formalaşmasında təhsil ilk pillədə dayanır. Hüquq sahəsində də bu belədir. Soruşursunuz ki, bu günki hüquq təhsilinin səviyyəsi məni qane edirmi,ya yox. Düzünü desəm yox. Burada bir çox səbəblər var. Problemin kökündə orta məktəbdə verilən təhsilin səviyyəsi dayanır. Şagirdlər hadisələri müqayisə etməyi bacarmırlar. Müqayisə etmək üçünsə məntiq çox vacib məsələdir. Tələbələrdə məntiq çox zəif inkişaf edib. İkinci məsələ universitetdə verilən təhsildir. Hələ də bilet sisteminin qalması tələbələrin əzbərçi olmasına gətirib çıxarır. Qədim Avropa məktəblərində hələ də mühazirə formasında dərslər keçilsə də, imtahanlar keyz və məhkəmə qərarların təhlili formasında olur adətən. Bu baxımdan imtahanların forması da mütləq dəyişməlidir. Növbəti problem ədəbiyyatın çox zəif və kasad olmasıdır. Yazılan dərsliklərin keyfiyyəti çox aşağıdır. Ali məktəblərdə tələbəyə müqayisə və təhlil bacaracağı şəkildə dərs öyrədilmir. Digər bir problem Avropada istifadə olunan Roma- Alman hüquq institutlarının ölkədə düzgün tədris olunmayıb məhkəmələrcə tətbiq edilməməsidir. Məsələn, qonşumuz gürcülər bunu artıq öyrəniblər. Oranın Ali Məhkəməsində belə Almaniyada təhsil almış xeyli sayda hüquqşünas var.

-Sizcə, ölkəmizdə kriminalistlərin sayı niyə yox dərəcədə azdır?

- Fikrimcə Azərbaycanda ən çox hüquqşünaslar elə bu sahədə fəaliyyət göstərirlər. Amma burada iki istiqamət var. Bir maddi cinayət hüququ üzrə mütəxəssis, digəri isə kriminalistika elmi üzrə mütəxəsis. Bizdə maddi cinayət hüququ üzrə mütəxəssis vardır, amma kriminalistika üzrə o qədər yoxdur; çünki burada texnologiyaların tətbiqi vacibdir. Həmçinin ixtisaslaşmış laboratoriyaların olması əsas məqamlardandır.Təbii ki, bütün bunların da formalaşmasının əsasında maliyyə imkanları dayanır.

-Vəkillər Kollegiyasından çıxmağınıza səbəb nə olub?

- Mən cinayət işlərinə çox çıxmıram.Vəkillər Kollegiyasına üzvlük daha çox cinayət işlərində iştirak edən vəkillər üçün lazımdır. Xırdalan şəhərində kollegiyada qeydiyyatda idim. Orada vəkil sayı məhdud idi. Mənim də vaxtim az idi, halbuki bəzən məhkəmə proseslərinə dövlət hesabına çıxmalı idim. Bu isə maddi cəhətdən heç də sərfəli deyildi. Sonra işimlə əlaqəli Amerika Birləşmiş Ştatlarına getdim. Həmin müddətdə kollegiyanın üzvü idim. Bundan sonra tamamilə kollegiyadan uzaqlaşdım.

- Mətbuatla münasibətiniz necədir?

- Gördüyünüz kimi çox yaxşıdır. Hər zaman müsahibələr verirəm və mətbuatı izləyirəm.

-Bu gün bu sahədən əldə edilən məvaciblə dolanmaq mümkündür?

- Bu hər kəsdə müxtəlif cür ola bilər.Gəlirin əldə edilməsi müdafiə etdiyin insanların, müştərilərin sayından asılıdır.Təbii ki, daha çox iş götürən daha yaxşı qazanar.

-Ölkədən getmək haqqında qərarınızda qətisiniz?

-Buna ölkədən getmək deməzdim. Həmişə xaricə gedəndə 5- 6 aylıq gedirdim. Bu dəfə 2-3 illik xaricdə olmağı planlaşdırıram. Peşəkar karyeramı xaricdə davam etdirmək istəyirəm. Amma qayıdacam.

-Bir hüquqşünas və müəllim kimi bu gün sözünüzü deyə bilmisiniz?


-Alim hüquqşünas kimi bəli, sözümü demişəm. Mən iddia edirəm ki, inzibati hüququ məndən yaxşı bilən yoxdur. Bu sahədə çox çalışmışam. Amma məhkəmə praktikası məndə alınmayıb. Bizdə məhkəmədə qanun həmişə işləmir. İndi apardığım bir-iki məhkəmə işi var, bunu deməyə əsas verir. Ümumilikdə mən sözümü demiş bir hüquqşünas hesab edilə bilərəm.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5242