Gürcüstandan Ukraynaya nota - Saakaşviliyə görə


16:20     31 Oktyabr 2015 1325c7435b14a69daf596b4e19804732.png

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Georgi Nazarova rəsmi nota təqdim edib.


Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Gürcüstan tərəfi keçmiş prezident, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin Gürcüstanın təhlükəsizlik və stabilliyinə təhdid kimi qiymətləndirilən açıqlamalarına etirazı bildirib. Qeyd olunub ki, bu kimi açıqlamalar Gürcüstanın daxili işinə qarışmaq kimi qiymətləndirilir və qəbuledilməzdir. Həmçinin açıqlamanın Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və dostluğunun ruhuna uyğun gəlmədiyi vurğulanıb.

XİN-in məlumatında qeyd olunur ki, Gürcüstan tərəfi rəsmi Kiyevin yuxarıda sadalanan məsələlərə müvafiq reaksiya verəcəyini və bu kimi halların bir daha təkrarlanmayacağını təsdiqləyəcəyini gözləyir.

Qeyd edək ki, oktyabrın 29-da internetdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rustavi-2” telekanalının baş direktoru Nika Qvaramiya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya ilə telefon danışığı yayılıb. Danışıq zamanı M. Saakaşvili şirkəti müdafiə etməyin yolları barədə məsləhətlər verir.

M. Saakaşvili səs yazısının yayılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırıb.

Açar sözlər:

Oxunub: 1072