Sifilis haqqında 7 sual-cavab – Gənclərin diqqətinə


22:14     10 May 2019 19_05_10_1557510170.jpg

2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan nikahdan öncəki analizlərində 24 nəfərdə HİV, 31 nəfərdə sifilis aşkarlanıb. Son 3 ildə bu analizlər nəticəsində 1777 nəfərdə sifilis olduğu təyin edilib. Nəzərə alın ki, bu insanlar gənc, evlənməyə hazırlaşan şəxslərdir.


Sifilis xəstələrinin sayında bu qədər artım ürəkaçan deyil. Gənclər hepatit, QİÇS haqqında nə qədər çox eşidiblərsə və qorxurlarsa, sifilis haqqında bir o qədər məlumatsızdırlar.

Medicina.az sifilis barədə ən çox verilən 7 suala tibbi cavablar təqdim edir.

1.Sifilis nədir, hansı xəstəliklər qrupuna aiddir?

-Sifilis cinsi yolla keçən zöhrəvi infeksion xəstəlikdir. Xəstəliyi Treponema palidium adlı bakteriyalar törədir. Sifilisin bir adı da syph-çiçək və yap is qan deməkdir.

2. Ən çox hansı yollarla yoluxur?

-Xəstəlik bir şəxsdən digərinə vaginal, anal və oral seks zamanı keçirilir. Xəstə hamilə qadından döldə uşağa keçə bilər.

3.Necə bilmək olar ki, sifilisə yoluxma var?

Adətən artıq sifilisli şəxslə əlaqədən sonra 12 həftəyə qədər ilk əlamətlər özünü göstərir. Daha çox kişilər bu simptomları tez görür. Qadınlarda isə bir qədər gizli gedir və gec aşkarlanır. İlk olaraq dəridə, selikli qişada kiçik yaralar əmələ gəlir. Bu yaralar açılmış gülə bənzəyir. Kişilər cinsiyyət orqanında, qadınlar uşaqlıq yolunda, anusda, ağız boşluğunda, qolaltında, barmaqlarda bu yaraları görə bilər.

Digər əlamətlər qrip halındakı kimidir. Qızdırma, titrətmə, ağrı, iştahsızlıq, boğazda ağrı, iltihab və s. müşahidə edilir.

4.Səpkilər öz-özünə keçdikdə, sağalma hesab edilirmi?

-Xeyr, zahiri əlamətlər itsə də, sifilis sağalmayıb. O, orqanizmdə qalır. Əgər xəstə müalicə olunmazsa, sifilis beyin, onurğa beyin, ürək, qaraciyər və digər orqanlarda yayılacaq.

5.Doğrudurmu, sifilis insanı kor edir, sümüyünü, ətini əridir?

-Bəli, ağırlaşmış mərhələdə insan kor ola bilər. İnfeksiya dəridə, üzdə bir çox toxumaları yararsız hala salır, insanın psixikası pozularaq, ruhi xəstə ola bilər.

6.Hansı həkimə getmək lazımdır? Anonimlik qorunurmu?

Xəstəliyə şübhə olan kimi dəri-zöhrəvi həkimə müraciət olunur. O diaqnozu təsdiqlədikdə, xüsusi dispanserdə qeydiyyata düşürsünüz. Anonimlik qoruna bilər. Amma sizing ailə üzvlərindən, xüsusən ərin arvadından, qadının ərindən bunu gizlətməsi ağır fəsadlara gətirib çıxara bilər. Çünki qarşı tərəfi yoluxdurmaq riski var.

Əgər kişidə sifilis aşkarlanıbsa, mütləqdir ki, onun həyat yoldaşı da müayinə olunsun.
Xəstədən müxtəlif qan analizləri alınır, dəri və cinsiyyət orqanları müayinə olunur, yaxmalar götürülür, immunoloji analiz aparılır.

7.Sifilisin müalicəsi necədir və tam aradan qalxırmı?

Müalicənin proqnozu xəstənin vəziyyətindən, hansı mərhələdə aşkarlanmasından, yaşından, digər xəstəliklərindən, immunitet səviyyəsindən asılıdır.
Birinci mərhələdə hələ bakteriyalar digər orqanları və sinir sistemini zədələmədən, müalicəyə başlanılsa, proqnozlar yaxşıdır.

Müalicə 2-3 həftədən 2-3 ilə kimi davam edir. Dərman preparatları dəqiq sxemə uyğun təyin edilir. Xəstənin immuniteti üçün immunterapiya və güclü antibiotik kursları təyin edilir. Lazım gələrsə xəstə dispanserdə yatır. Xəstənin müalicəni yarıda kəsməsi, əməl etməməsi, özbaşına çarələr, başqa üsullar axtarması acı sonluqla nəticələnə bilər. Sifilis diaqnozu olunan xəstənin intim əlaqədə olduğu bütün partnyorlar müayinə olunur və nəzarətdə saxlanılır.

Açar sözlər:

Oxunub: 1000


Oxşar xəbərlər