Milli Qəhrəmanın doğum günüdür - FOTOLAR


18:17     31 Oktyabr 2015 3460.jpg

Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür.

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olmuşdur. Anası Sura xanım evdar qadın idi.


Koroğlu anadan olandan çoxx nadinc uşaq olub. O sanki gələcəkdə onu nələr gözlədiyini əvvəlcədən hiss edirmiş. Koroğlu birinci sinfə Yaqublu 7 illik məktəbinə getmişdir.

Atası İsmayıl müəllim Vətən deyib 1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçmüşdür. Koroğlu orta təhsilini qonşu kənddə- Həbilkənd orta məktəbində almışdır. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini ADR-də başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlamışdır.

1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurmuşdur. Koroğlunun üç övladı var: Rəşad, Samir, Ülviyyə və üç nəvəsi Koroğlu, Mətin və Əzizağa.

Koroğlu əmək fəaliyyətinə Makı Məişət Kondisionerləri zavodunda başlamışdır. Koroğlu çox təvazökar, vətənpərvər və ailəcanlı idi. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi: Vətən qeyrəti, ana-bacı namusu onu Vətən yolunda cavan canından keçməyə vadar etdi.

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması,1990-cı ilin “20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlunun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırdı.

O könüllü cəbhəyə getməyi qərara aldı. Qərarını atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir-dua verir. Vətənimizi, ana- bacılarımızı ermənilərdən qorumağı ona tövsiyyə edir. Qoç Koroğlu kimi qəhrəman olmağı arzulayır.

1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılırı.

1992-ci il aprelin 30-da Koroğlu Rəhimov “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillərdə əzbər oldu.



Koroğlu öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərmişdir. Həmin döyüş zamanı çoxlu düşmən məhv edildi, bir neçəsi əsir götürüldü, xeyli döyüş sursatı ələ keçirildi. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad etdi. 1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur. Ağdərə döyüşlərində də Koroğlu qəhrəmanlıqlar göstərir. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Onun məzarı Bakıda Şəhidlər xiyabanındadır. Ölümündən sonra “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan Ordusu” və digər qəzetlərdə onun qəhrəmanlığı haqqında geniş məqalələr yazılmışdır.

Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əlirza oğlu Əliyevin Fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.



Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” Sabir Arazlının “KOROGLU” kitabları nəşr olunmuş, 2-ci sinif Oxu kitabında Milli Qəhraman Koroglu Rəhimov haqqında hekayə və Oqtay Rzanın “İki Koroğlu” şeri dərc edilmişdir. Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.

Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimov haqqında “20-ci əsrin Koroglusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin “Salnamə” film studiyasının “Vətənim Mənim” sənədli filimləri çəkilmişdir.

Bakıdakı küçələrdən biri Koroğlu Rəhimovun adını daşıyır. Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılmışdır. Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimovun anadan olub boyüdüyü Oğuz rayonunda Milli Qəhramanın adını daşıyan küçə və oxuduğu məktəb hal-hazirda uşaq baxçası kimi fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kənd uşaq baxçası Koroğlu Rəhimovun adını daşıyır. Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcəkdir.

Açar sözlər:

Oxunub: 931