Papa sui-qəsdinin 40-cı ili: Olayın pərdəarxası (VİDEO)


12:33     13 May 2019 19_05_13_1557736455.jpg

13 may, 1979-cu il. Türkiyəli sui qəsdçi Mehmet Əli Ağca Roma Papası II İohan Paveli şəhərin ortasında öldürməyə çalışır. Bu gün həmin hadisəsən 40 il ötür.


Romadakı Müqəddəs Pyotr meydanında Papaya atılan güllələr bütün dünyanı sarsıdır. Qatil dünyanın ən böyük dini liderlərindən birinə atəş açmışdı. Papa onu hərarətlə salamlayan nəhəng izdihamın içindən üstü açıq maşınla asta-asta keçir. Qəfil silah səsi eşidilir. Ağca 3 güllə ilə Papanı yaralayır. Dini lider yıxılır, Ağca meydanın ortasına qədər qaçsa da, tutulur.


Sui qəsd anı

Papa qarın boşluğundan və əllərindən yaralanmışdı. Meydanda yaranmış qarışıqlıqdan istifadə edib qaçmaq istəyən Ağcanı mühafizəçilər yaxalayırlar. Papanı Vatikana qaytarır, sonra isə təcili yardımla Gemelli xəstəxanasına aparırlar.

Xəstəxanaya çatdırılmış Papa artıq huşunu itirmişdi. Qarın boşluğundakı ciddi yaraya baxmayaraq, xoşbəxtlikdən güllələrdən heç biri həyat üçün zəruri orqanlara toxunmadı. Həkimlər İohan Pavelin yaşayacağına tam əmin olmayınca, o, beş saat əməliyyat otağında qaldı. Yalnız növbəti gün huşu özünə gəldi.



Qeyd edək ki, Mehmet Əli Ağca sui qəsdə qədər xeyli hazırlıq görmüşdü. 1981-ci il mayın 10-da Romaya gəlmiş, Vatikanın müqəddəs Pyotr meydanından ayaqla 15 dəqiqəlik məsafədə otaq tutmuşdu. Bu, Ağcanın son iki ildə İtaliyaya dördüncü səfəri idi. O, iki gün müqəddəs Pyotr meydanını gəzib bütün giriş və çıxışları öyrənmişdi.

Üç il əvvəl ilk dəfə kommunist ölkəsindən – Polşadan Papa seçilmiş İohan II Pavel bütün dünyada görkəmli din xadimi kimi ad çıxarıb. Lakin kommunizmə qarşı barışmaz münasibəti üzündən, həmçinin Polşadakı “Həmrəylik” hərəkatına siyasi dəstəyinə görə, yüksək dairələrdə onu sevmirdilər. Odur ki, qətlin sifarişinin SSRİ tərəfindən verildiyini iddia edənlər var idi.


Ağcanın həbsi

Üstəlik bu Ağcanın ilk killerlik təcrübəsi deyildi. 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürmüşdü. 11 iyul 1979-da həbs edilmişdi. 24 noyabrda həbsxanadan qaçırılmışdı. Qaçandan sonra İrana, daha sonra Bolqarıstana getmişdi.

Papaya qarşı sui qəsdindən sonra İtaliyada ömür boyu həbsə məhkum edilən Ağca, Papanın əfvindən sonra 15 iyun 2000-ci ildə Türkiyəyə gətirilərək, həbsxanaya yerləşdirildi. 12 yanvar 2006-cı ildə şərtlə həbsxanadan buraxılsa da, İpəkçi ailəsinin etirazından sonra 20 yanvarda yenidən həbsxanaya salındı. 18 yanvar 2010-cu ildə təxminən 30 il həbsxanada yatandan sonra 52 yaşında həbsxanadan çıxdı.

Ağca Papa sui qəsdinin araşdırması zamanı 158 dəfə izahat dəyişdirib. O, gah işin arxasında SSRİ, gah Vatikan, gah Bolqarıstanın dayandığını deyirdi.


Papa həbsxanada Ağcanı ziyarət edir və onu bağışlayır

30 iyun 2000-ci ildə İtaliya hökuməti onu bağışlamışdı. 19 il həbsdə həyatını davam etdirən Ağca azadlığa çıxmışdı. 3 saatlıq yoldan sonra Ağca 20 il bundan əvvəl tərk etdiyi İstanbulun havasını ciyərlərinə çəkirdi. Burada onu gözləyən bir bədxəbər var idi. Ağca Türkiyədə törətdiyi cinayətlərə görə məhkum olunduğu həbs müddətini tamamlamadığı üçün yenidən həbsə girməli idi. Həbsxanada keçirdiyi illərin düzgün hesablanmaması ucbatından Ağca 2006-ci il yanvar ayının 13-də bir günlük azad edildi. Daha doğrusu azad edilən kimi yenidən həbs edildi… Nəhayət 18 yanvar 2010-cu ildə Ağca birdəfəlik azadlığa çıxdı. Bu onun həbsxanadan dördüncü çıxışı idi.

Xarici telekanallar Ağcanın həbsxanadan çıxışını canlı yayımladılar. O, həbsxana cıxışı jurnalistlərə bunları dedi: “Mən Tanrı deyiləm. Mən Tanrının oğlu da deyiləm. Mən sadəcə kainatı yaradan və idarə edən tək Allahın kainat tarixində yaratdıgı ən üstün varlıq olaraq, onun birinci bəşəri və əbədi xidmətçisiyəm”. Qeyd edək ki, Ağca həbsdən çıxdıqdan sonra “Papanı niyə vurdum” adlı kitab yazıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #papa   #suiqəsd   #italiya   #türkiyə   #cinayət   #video   #din   #xristian   #Roma  

Oxunub: 3030