3 günə 800 müraciət - Səyyar ASAN Qubada


00:26     01 Noyabr 2015 asanesas.jpg

Oktyabrın 28-dən Quba şəhərində fəaliyyətə başlayan səyyar “ASAN xidmət”dən gün ərzində 300-ə yaxın vətəndaş faydalanır.


Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər. Qısa müddətdə 800 nəfərdən çox qubalı bu xidmətdən yararlanıb.



Quba səyyar “ASAN xidmət”in qrup rəhbəri Habil Quliyev bildirib ki, rayonda qeydiyyatda olan 160 min nəfərdən çox sakin bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıb.



Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”dən yararlanmaq istəyən vətəndaşlar noyabrın 27-dək Quba Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.(AzərTac)

Açar sözlər:

Oxunub: 1812