Naxçıvanla bağlı yeni qərarlar qəbul edildi


10:31     16 May 2019 2019/05/naxcivan1hryu_1557988335.jpg

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin may ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarı qəbul edilmiş, həmin tarixli 56 nömrəli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli 83 nömrəli Qərarında dəyişikliklər edilib.

Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 6 may tarixli 59 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2011-ci il 19 iyul tarixli 71 nömrəli və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 16 noyabr tarixli 94 nömrəli qərarlarına dəyişikliklər edilib.

Bundan başqa, 2019-cu il 8 may tarixli Qərara əsasən “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilib. Qərara görə müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas musiqi təhsili müəssisəsi üçün ali, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 61 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında yerli xammala əsaslanan istehsal məhsullarının Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün daşınmasında yaranan xərclərin kompensasiya edilməsi Qaydaları” təsdiq edilib. Bu Qərara əsasən Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün aparılan muxtar respublikadakı yerli xammala əsaslanan istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni bazarlara çıxışın təmin olunması üçün yük maşınlarının tranzit hərəkəti zamanı İran İslam Respublikasında alınan müxtəlif növ ödənişlərə görə yol xərclərinin kompensasiya edilməsi nəzərdə tutulur.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 412