Çexiya ilə parlamentlərarası əlaqələr müzakirə olunub

Çexiya ilə parlamentlərarası əlaqələr müzakirə olunub


18:49     16 May 2019 2019/05/15580-1558007273_1558015791.jpg

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlcə Milli Məclisinin sədri Oqtay Əsədovun Deputatlar Palatasının sədri Radek Vondraçek ilə təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin ölkələrimiz, həmçinin parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Ölkələrimiz arasında əlaqələrin tarixindən danışan O.Əsədov qeyd edib ki, hələ Sovet dövründə Azərbaycanın Çexiya ilə təhsil, elm sahələrində yaxşı əlaqələri olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu əlaqələrin yüksək səviyyəyə çıxmasında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb.

Azərbaycan və Çexiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri bildirib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə dəstək verir.

Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək diqqətə çatdırıb ki, bu məsələdə Çexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyini dəstəkləyir. Qeyd olunub ki, Ermənistan XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını tanıyıb. Çexiya parlamenti də 2013-cü ildə bu qətliamı pisləyib.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Çexiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin yaxşı səviyyədə olduğunu söyləyən Radek Vondraçek parlamentlərarası dostluq qruplarının fəaliyyətindən məmnunluğunu ifadə edib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, sərmayə qoyuluşu sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 55