Həmkəndlilərin mübahisəsi ölümlə nəticələndi - Masallıda


20:54     16 May 2019 19_05_16_1558025787.jpg

Masallı rayonunda həmkəndlilərin mübahisəsi ölümlə nəticələnib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1951-ci il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov döş qəfəsindən aldığı zərbə nəticəsində ölüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, mübahisəyə səbəb Vəfadar, Pərvin, Elnur, İlham və Telman adlı kənd sakinlərinin B.Rəhmanova məxsus evin qabağından keçən su kollektorunun üzərindəki piyada körpüsünü sökmələri olub. Uzun illər bu körpüdən təsərrüfat işləri üçün paybəlli torpaqlarına gediş-gəliş, həm də mal-qaranın örüşə aparılması məqsədilə istifadə olunub. Qarşı tərəf mal-qaranın bu körpüdən keçərək onların otlaq sahələrinə girdiyinə görə sökdüklərini bildiriblər.

Mərhumun oğlu atasının onlara "körpünün taxtalarını sökmüsünüz, eybi yox. Heç olmasa, dəmir dayaqlara toxunmayın. Lakin onlar buna qulaq asmayıblar. Belə olan halda B.Rəhmanov onlardan birinin əlində olan lomu almaq istəyib. Qarşılığında isə döş qəfəsi nahiyəsindən bir neçə yumruq zərbəsi alaraq səhhəti pisləşib. Onu Masall Rayon Mərkəzi Xəstəxanasına çatdırarkən yolda dünyasını dəyişib".

Mərhumun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb. Ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 492