Azərbaycan-Çexiya biznes forumu keçirilib


22:17     16 May 2019 2019/05/C7097B9E-7BA9-4432-AD04-9ADD0F860C43_1558031213.jpeg

Mayın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Femida.az xəbər verir ki. tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, energetika, kənd təsərrüfatı, maliyyə, nəqliyyat-logistika, İKT, təhsil və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu əməkdaşlıq edir.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan qarşılıqlı ticarət sahəsində əlaqələrimiz genişlənir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artaraq 1 milyard ABŞ dollarını ötüb. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollardan çox olan dövlət layihələrində podratçı kimi də iştirak ediblər.

Nazır müavini ölkələrimiz arasında birgə müəssisələrin yaradılması, sənaye, kənd təsərrüfatı, energetika, kimya, nəqliyyat, turizm, İKT, ekologiya və s. sahələrdə təcrübə mübadiləsinin aparılması üçün imkanları diqqətə çatdırıb.

Biznes forumda vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də Çexiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Avropa İttifaqı ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır. 2018-ci ildə Aİ ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollara çatıb və Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 42% təşkil edir.

Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu vurğulayan Rüfət Məmmədov "Avropa İttifaqının işgüzar mühiti haqqında hesabat: Azərbaycan 2018". Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri” sənədində siyasi sabitliyin Azərbaycanda işgüzar mühitin 5 ən yaxşı göstəricisindən biri kimi əks olunduğunu qeyd edib. Dünya Bankının “Doing Business 2019” hesabatında isə Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini Rüfət Məmmədov vurğulayıb ki, Cənubi Qafqazın ÜDM-nin 60%-dən çoxu Azərbaycanın payına düşür.

Nazir müavini iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bugünkü biznes forumun bu sahədə əlverişli platforma olduğunu vurğulayıb.

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçek Azərbaycana səfərindən, ölkənin uğurlu inkişaf yolundan məmnunluğunu ifadə edib. Azərbaycanın Çexiyanın ənənəvi tərəfdaşı olduğunu qeyd edən Radik Vondraçek ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, bu sahədə böyük potensialı diqqətə çatdırıb.

Sonra İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov və Çexiya Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust Azərbaycan şirkətləri ilə əməkdaşlıq potensialına, Çexiya Sənayeçilər İttifaqının meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 354