"O vaxt insanlar təhlükəsiz qida yox, sadəcə qida axtarışında idi" - Qoşqar Təhməzli


11:58     17 May 2019 19_05_17_1558080449.jpg


"Bu gün ölkəmizdə böyük əzm və qətiyyətlə aparılan islahatlar qida sənayesinin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaratmaqla yanaşı, bu sahədə şəffaflığın təmin olunmasına mühüm təsir göstərir. Həmçinin qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması əhalinin təhlükəsiz qida ilə təminatının yaxşılaşdırılmasına zəmin yaradır".

Femida.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən Beynəlxalq konfransda deyib.

O, bildirib ki, həyata keçirilən islahatlar çərçivəsində “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmış, ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılaraq, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində qısa və uzunmüddətli hədəflər müəyyən edilib:

"Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilmiş, habelə yeni normativ hüquqi aktlar qəbul olunmuşdur. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 Qanun qəbul edilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən 17 Qərar qəbul edilmişdir. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi hazırlanmış və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilmişdir.

29 aprel 2019-cu il tarixdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” növbəti dövr üçün konkret hədəflərimizi və strateji məqsədlərimizi özündə əks etdirir. Onu da qeyd edim ki, Dövlət Proqramı hazırlanarkən bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Amerika-Azərbaycan Ticarət Palatası kimi qurumlara göndərilib və onların rəyləri nəzərə alınıb".

"Bu gün həm də Azərbaycan tarixində Laçın rayonunun ermənilər tərəfindən işğalının 27-ci ilidir. Konfransın belə bir günə təsadüf etməsindən istifadə edib demək istərdim ki, o vaxt mən də o döyüşlərdə iştirak etmişəm. Həmin vaxt 65 min insan öz yurdundan didərgin salındı. Həmin insanlar o vaxt təhlükəsiz qida yox, sadəcə qida axtarışında idi. Bu gün isə biz Azərbaycanda beynəlxalq qida təhlükəsizliyi standartlarını müzakirə edirik. Bu bir daha Azərbaycanın qısa müddətdə necə böyük inkişaf yolu keçdiyini göstərir", - deyə sədr qeyd edib.

Femida.az

Açar sözlər: #qida   #AQTA   #AQTİ  

Oxunub: 648