Bu qaydanı pozan şirkətlər cərimələnə bilər


14:50     17 May 2019 cerime7.jpg

Azərbaycanda təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq.


Femida.az verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilir. Dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, əlavədə bildirilir ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 315