Miqrasiya Məcəlləsinə dəyişiklik edilir


15:54     17 May 2019 2018/02/eli-huseynli_1519378266.jpg

Mayın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.


Femida.az-ın məlumatına görə, Komitə sədri Əli Hüseynli bildirdi ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcəkdir.
Saziş layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Sonra Əli Hüseynli diqqətə çatdırdı ki, gündəlikdəki ikinci məsələ “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunuş) Qanun layihəsidir. Komitə sədri bildirdi ki, ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır.

Layihə barədə məlumat verən Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirdi ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilmiş, bununla da bir sıra məsələlər tənzimlənmişdir. Bugünkü dəyişikliklər isə 6 istiqamət üzrədir və əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Qüdrət Həsənquliyev, Azay Quliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və Elşən Musayev Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər.

Müzakirələrin sonunda Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu. Bununla da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası başa çatdı.

Femida.az

Açar sözlər:

Oxunub: 392