"Azərbaycanda qızlar dövlət müəssisələrində çalışmaq istəyir" - Hicran Hüseynova


13:34     18 May 2019 hicran8.jpg

“Azərbaycanda qadınların 30 faizi dövlət, 70 faizi isə özəl sektorda çalışır”.



Femida.az-ın məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə" mövzusunda konfransda bildirib.

H. Hüseynova deyib ki, Azərbaycanda iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızların, o sahədə elmlə məşğul olan qadınların sayı ilbəil artır: “Təbii ki, zaman keçdikcə bir çox ixtisaslar aradan çıxacaq və vacibliyini itirəcək. Buna görə də gənclərimiz ixtisas seçən zaman diqqətli olmalıdırlar. Elə peşəyə sahib olmalıdırlar ki, gələcəkdə işlə bağlı çətinlik çəkməsinlər”.

H. Hüseynova qeyd edib ki, Azərbaycanda qızlar dövlət müəssisələrində çalışmaq istəyir: “Bu gün Azərbaycanda qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan qızları dövlət sektorunda çalışmaq arzusundadırlar. Biz buna görə də qadınların işə cəlb olunması üçün əlimizdən gələni edirik. Biz təcrübə olaraq, Komitədə yalnız qadınlar üçün işə qəbul imtahanı keçirmişik və b prosesi davam etdirmək niyyətindəyik”.

Femida.az

Açar sözlər: #Komitə   #Qadın  

Oxunub: 462