Ombudsman Aparatının nümayəndələri Babək Həsənovla görüşüb


16:41     21 May 2019 2019/05/895ce3ee31a04fa_1558442748.jpg

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində başçəkmə həyata keçirilib.



Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada dinlənilib və müraciətlər yerində araşdırılıb.

B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirib.

Qeyd olunmalıdır ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş bütün məhkumların bir gün ərzində kompleks sanitar təmizləmədən və tibbi müayinədən keçdikdən sonra iki həftəyədək müddətə karantin sahələrində yerləşdirilməsini nəzərdə tutur.

Görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən ailə üzvləri ilə telefonla danışmasına və yaxınları ilə də görüşünə normal şərait yaradıldığını, habelə müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığını bildirib. B.Həsənov tibbi müayinədən də keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Qeyd edək ki, B.Həsənov AXCP üzvüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 407