Məhkəmə Türkiyənin İrana qarşı şikayətinə baxacaq


19:05     06 Aprel 2015 ir-tr.jpg

Beynəlxalq Arbitraj Məhkəməsi bu ilin mayında Türkiyəyə İran qazının çatdırılması ilə bağlı rəsmi Ankaranın Tehrana qarşı iddiasına baxacaq.

Femida.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, Ankara ümid edir ki, İran Türkiyəyə qaz ixracı ilə bağlı yeni münasib şərtlər təklif edəcək və bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri zamanı gündəlikdə olacaq. R.T.Ərdoğanın İrana səfəri aprelin 7-nə planlaşdırılıb.

2012-ci ilin martında İran qazının qiyməti ilə bağlı Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.

Bundan əvvəl T.Yıldız bildirib ki, Ankara və Tehran qazın qiyməti məsələsini yenidən müzakirə edəcək. O, Tehranın şikayətini geri götürməyi tələb etdiyini, Ankaranın isə bu tələbi rədd etdiyini də bildirib.

Türkiyə KİV-ində açıqlanan rəqəmlərə görə, Türkiyə İran qazının hər min kubmetrinə görə 490 ABŞ dolları ödəyir. Azərbaycan qazının (Bakı-tiflis-Ərzurum xətti ilə) idxalı Ankaraya hər min kubmetrə görə 355 ABŞ dollarına, Rusiya qazının min kubmetrinin idxalı isə 425 ABŞ dollarına başa gəlir.

Türkiyənin İranla qaz təchizatına dair müqaviləsində ildə 10 milyard kubmetr İran qazı idxal etmək nəzərdə tutulur ki, bu göstərici Rusiya ilə müqavilədə 20 milyard kubmetr, Azərbaycanla müqavilədə isə 6,6 milyard kubmetr olaraq nəzərdə tutulub. (Trend) 

Femida.az 

Açar sözlər:

Oxunub: 654