Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir - Prezident

"Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir" - Prezident


15:40     24 May 2019 2019/05/131666ba-28f8-4572-be34-224d058c950c_1558698147.jpg

"Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır".


Femida.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə keçirdiyi iftar mərasimində deyib.

"Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır.

1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının 96-cı ildönümü günündə onun xalq, dövlət qarşısında gördüyü işlər haqqında danışdıq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir. Dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir", - dövlət başçısı əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 168