Azərbaycan vəkilləri İngiltərə və Uelsdə işləyə bilərlər


16:14     24 May 2019 2019/05/15586-1558699089_1558700239.jpg

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Böyük Britaniya vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri artıq Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə vəkilliyə qəbul edilə, İngiltərədə və Uelsdə vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.


Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, azərbaycanlı hüquqşünaslar Böyük Britaniyada vəkilliyə qəbul olmaq üçün bir sıra tələblərə cavab verməlidirlər. Belə ki, namizədlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalı, ölkəmizdə vəkillik fəaliyyəti göstərmək hüququna, vəkil kimi qəbul edilmək üçün möhkəm xarakterə və yüksək keyfiyyətlərə sahib olmalıdırlar. Bundan başqa, namizədlər İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS ) imtahanını uğurla keçməlidirlər.

Qeyd edək ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirir. Bu barədə ətraflı məlumatı təşkilatın saytından əldə etmək mümkündür.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının həmin yurisdiksiyada tanınması SRA-nın rəsmi internet səhifəsində təsdiqini tapıb.

Femida.az

Açar sözlər:

Oxunub: 731