ABAD Beynəlxalq Simpozium keçirir - Şəkidən REPORTAJ (FOTOLAR)


11:50     27 May 2019 2019/05/61582581_831254250583212_5755839038061805568_n_6235771908.jpg

Ailə Biznesinə ASAN Dəstək (ABAD) tərəfindən Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilən “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziuma media tur təşkil olunub.

Femida.az xəbər verir ki, məqsəd media nümayəndələrini iştirakçılar və ümumi iş prosesi ilə yaxından tanış etmək olub.


Qeyd edək ki, simpoziumun açılışı mayın 21-də baş tutub. Şəkiyə 14 ölkədən 22 keramist təşrif buyurub. Simpoziumdan əvvəl onlar üçün Bakıda gəzinti təşkil olunub. Ölkəmizin zəngin tarixi, mədəniyyəti, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verilib. İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və Heydər Əliyev mərkəzi kimi memarlıq abidələri ilə tanış olublar.

Simpoziumun kuratoru, azərbaycanlı sənətkar Mir Teymur Məmmədov tədbirin gedişatı barədə məlumat verib:



“Bu Azərbaycan üçün böyük qələbədir. SSRİ vaxtında mən çox çalışmışdım ki, bu cür simpozium keçirək. Amma müxtəlif bəhanələrlə buna mane olurdular. Bu gün isə Azərbaycan dünyanın dörd bir yanından keramistləri bura gətirib və ən yüksək səviyyədə tədbir təşkil edib. Gələn qonaqlar deyir ki, biz Azərbaycandakı qədər qonaqpərvərlik və gözəl qarşılanma görməmişik. İnsanların sənətkarların işlərinə olan marağı da böyükdür. Bu həm də ölkəmizə turist marağını artıracaq. Belə simpoziumların davamlı olmasını istəyirik. Qeyd edim ki, burada keramistlərin yaratdığı əsərlər burada da qalacaq".

Daha sonra ABAD-ın Marketinq, Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turana Qasımova jurnalistlərə açıqlama verib:



“Bu simpoziumda biz daha çox xarici iştirakçılara üstünlük verdik. Amma seçim turları zamanı yerli keramistlərin də böyük marağı var idi. Odur ki, “təbiətdən tarixə” şüarı altında bu prosesi davam etdirəcəyik. Yaxın müddətdə Şəki Keramika Mərkəzinin davamı olaraq Nardaran Keramika mərkəzinin açılışı olacaq.

14 fərqli ölkədən 22 keramist mərkəzimizdə əl işini nümayiş etdirir. Onlar burada olmaqdan kifayət qədər məmnundurlar. 2 həftə ərzində hər kəs Şəkidəki Simpoziuma gəlib baxa bilər. Bu mərkəz Cənubi Qafqazda ilk keramika tətbiqi sənət mərkəzidir. Məqsəd odur ki, bu sahəyə maraq artırılsın. Eyni zamanda xarici qonaqlara təkcə Bakının yox, həm də regionlarımızın böyük tarixi keçmişə malik olduğu aşılansın".

Ardınca jurnalistlər keramistlərin əl işləri ilə tanış olub. Simpoziuma Türkiyədən qatılan Serap Ünal Şəkinin əsl sənət mərkəzi olduğunu qeyd edib:



"Keramika sənətinin Anadoluda necə bir tarixə malik olduğu hər kəsə məlumdur. Mən öz sənətim üzrə universitetdə müəllim işləyirəm. Azərbaycana ikinci, Şəkiyə ilk səfərimdir. Burada ABAD komandası bizimlə çox yaxından maraqlanır. Azərbaycana təşəkkür edirik. Burada müxtəlif ölkələrdən 22 keramist öz əlişini nümayiş etdirir ki, bu da işin beynəlxalq önəmini ortaya qoyur. İnsanlar gəlib maraqla baxıb gedirlər. Şəki Keramika Mərkəzi türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilmə yolundadır. Şəki dünyada gördüyüm ən gözəl yerlərdən biridir. Burada təbiətə toxunulmayıb, bunun qiymətini bilin".

Presstur zamanı müşahidə etdiyimiz maraqlı məqamlardan biri də bu sənətə azərbaycanlı gənc keramistlərin də maraq göstərməsi oldu. Onlardan biri Arifə Nəcəfəliyeva ilə söhbət edirik və o bu sənəti uşaqlıqdan sevdiyini deyir:



"Rəssamlıq Akademiyasının məzunuyam. Uşaqlıqdan bu sənəti sevirdim, ona görə bu işi sevərək görürəm. Mən adətən yaratdığım əsərlərə daha sonra anlam yükləyirəm. Yəni hər şey təsadüfən və şüuraltı alınır. Keramika sənətini ona görə seçdim ki, burada bir çox sənət növlərini birləşdirmək mümkündür. Mən bir işi təxminən 2 günə hazırlayıram. Havadan asılı olaraq onun bişmə və quruması isə bir həftə çəkir. Məncə bu sənətdə yaş önəmli deyil. Hər kəs bir birindən nəsə öyrənə bilər".

Simpoziuma Rusiyadan qatılan Olqa Skubçina da eynilə Şəkinin sənətkarlar üçün əsl ilham mənbəyi olduğunu qeyd edir:



"Simpoziuma Moskvadan qatılıram. Bu sənətlə 30 ildir ki, məşğulam. Şəkidə olmaqdan məmnunam. Burada şəhər, insanlar möhtəşəm və istinqanlıdır. Şəki məni ilhamlandırır. Dağlar, təbiət, hər şey əladır. Azərbaycana ilk səfərimdir və bu ölkənin belə gözəl olduğunu bilmirdim. Azərbaycana və ABAD-a təşəkkür edirəm".

Son olaraq Çexiyadan olan iştirakçı Eva Pelaxovanın fikirlərini öyrənirik:



"Simpoziuma Çexiyadan qatılıram. Mən əvvəl gimnaziyada oxuyurdum, gördüm ki, elm mənlik deyil. Ardınca balet sahəsinə keçid etdim, daha sonra keramika sənətinə gəldim və bu sənətdə özümü tapdım. Bizim ölkədə də bu sənət məşhurdur. Bu işi öz evimdə görəndə istədiyim formanı öz avadanlıqlarımla edə bilirəm. Burada da öz evimdəki kimi işləyə bilirəm. Çünki ABAD bizim üçün yetərli şərait yaradılıb. Burada həm insanların münasibəti, həm də təşkilatçılıq çox yaxşıdır".



Media-tur Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunmuş “Raku Keramika” şousu ilə başa çatıb. Qeyd edək ki, tədbir iyunun 2-nə kimi davam edəcək.

Xatırladaq ki, "Təbiətdən tarixə" Beynəlxalq Keramika Simpoziumu 29 oktyabr 2018-ci il tarixində ABAD və Paşa Holdinqin birgə səyləri nəticəsində Şəkidə fəaliyyətə başlayan, Cənubi Qafqazdakı ilk Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilir. Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən 50 nəfər müraciət edib. Seçim prosesi əsasında 14 xarici ölkədən 22 nəfər iştirakçı müəyyən edilib. Simpoziumda Azərbaycan (3 nəfər), Türkiyə (1 nəfər), Rusiya (5 nəfər), Ukrayna (2 nəfər), Polşa (2 nəfər), Çexiya (1 nəfər), Latviya (2 nəfər), İraq (1 nəfər), Norveç (1 nəfər), Brazilya (2 nəfər), Tunis (1 nəfər), Banqladeş (1 nəfər), İordaniya (1 nəfər), Qırğızıstan (1 nəfər) və Monqolustandan (1 nəfər) olan sənətkarlar iştirak edir.


































Amin Nəzərli
Şəki


Femida.az

Açar sözlər: #ABAD   #Şəki   #mədəniyyət   #sənət   #simpozium   #femida  

Oxunub: 1510