Azərbaycan Prezidenti: Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılıb

Azərbaycan Prezidenti: "Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılıb"


17:38     27 May 2019 2019/05/87fa4258-70f6-4a1f-888d-ab195c6787be_1558964330.jpg

"Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün".

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

"Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır.

Ancaq hesab edirəm ki, biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin.

İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik.

İşsizlik hər bir ölkə üçün xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artmışdır. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq", - dövlət başçısı bildirib.

Açar sözlər:

Oxunub: 190