PA rəsmisi: Əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait


11:43     31 May 2019 2019/05/vusal_isayev_1557127357.jpg

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev ASAN Xidmətlə Vəkillər Kollegiyasının imzaladığı memorandumun əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaratdığını deyib.


Femida.az xəbər verir ki, “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda çıxış edən sektor müdiri bildirib ki, bu həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq:

"Cənab prezidentin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. 2017-ilin fevralında cənab prezidentin humanistləşmə ilə bağlı sərəncamı olmuşdu. Bu bir növ islahatların dalğasına səbəb oldu. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edildi. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olundu. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparıldı və islahatıar həyata keçirildi. Nəticəsi isə bu gün göz qabağındadır".

V.İsayevin sözlərinə görə, islahatlar 14 minə yaxın şəxsə tətbiq olunmuşdu:

"9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunmuşdu. 1800 şəxs cəzadan azad olunmuşdu ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilmişdi. Hesab edirəm ki, bu islahatlar daha böyük güclə davam etdirilməlidir. Artıq cəza siyasətinə yeni baxış var və bunun nəticəsi olaraq Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir".

Onun sözlərinə görə, Mülki-prosessual məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var:

"Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlərin orada müəyyən boşluqların və təkmilləşmələrə ehtiyacın olduğu sahələrlə rastlaşırlar. Vəkillər də bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar və biz bunu gözləyirik.
2016-cı ildə Apellyasiya Şuralarının yaradılmasını misal göstərə bilərəm. Statistik göstəricilər deməyə əsas verir ki, 2018-ci ildə Apellyasiya Şuralarına edilən müraciətlər nəticəsində həm Şuranın fəaliyyəti təkmilləşib, həm də müraciətlərə baxılmaların nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yəni sahibkarların hüquqlarının müdafiəsinə etibarlı şərait yaradıb. Məsələn, yerli Apellyasiya Şuralarına edilən müraciətlərin 95 faizindən yuxarı instansiya və prezident yanında Apellyasiya Şurasına müraciət edilmir. Bu da mühüm göstəricidir".

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Vəkil   #Apellyasiya   #Məhkəmə  

Oxunub: 552