"Ermənistanı bu ittifaqdan kənarda qoymuşuq" - Anar Bağırov


17:07     31 May 2019 19_05_31_1559308029.jpg

1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.


Femida.az Anar Bağırovun çıxışından əsas fikirləri təqdim edir:

“Hansı sahədə maaşlar birdən-birə 3 dəfə artırıla bilər?”

Bu il Azərbaycanda Vəkillik 100 illiyini qeyd edir. Eyni zamanda vəkillərə müstəqillik verilməsindən 20 il ötür. Hansı ki, bu o vaxt postsovet məkanında bir ilk idi. Eyni zamanda Müstəqil Vəkillər Kollegiyasının təsis olunmasından 15 il ötür. Bir sözlə 2019-cu il bizim üçün yubiley ilidir.
Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Bu gün vəkillik idealdırmı? Qətiyyən bu fikirdən uzağıq. Vəkillik inkişaf edir, təkmilləşir. Biz sovet abu-havasından çıxarıb müasir, çevik bir quruma çevirməyə çalışırıq. Qarşıda görüləcək çoxdur. Ötən il biz vəkilliyin inkişaf etdirmək istədiyimizi deyəndə dərhal ölkə prezidenti buna reaksiya verdi. Sərəncamlar imzalandı, konkret addımlar atıldı. Dövlət hesabına xidmət göstərən vəkillərin ödənişi 3 qat artırıldı. Mən demirəm ki, bu məbləğ yetərlidir. Amma hansı sahədə maaşlar birdən birə 3 dəfə artırıla bilər?



Bəzi vəkillər aylarla pulunu ala bilmir

VK-a ayrılan bina elə olmalıdır ki, vəkillər burada normal fəaliyyət göstərə bilsin. Bakıda və regionlarda dövlətin köməyi ilə aparılan təmir işləri təqdirəlayiqdir. Biz bu ay Sumqayıtda müasir Vəkil Bürosunun açılışını etdik. Bu açılışın xərclərini dövlət qarşıladı. Vəkilliklə bağlı problemlər mövcuddur. Məsələn, Cənab prezidentin verdiyi fərmanda vəkilliyə tövsiyə olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qeyri-prosesual münasibətlərə girməməlidir. Yaxud dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə qarşı süründürməçilik halları var idi. Artıq bu vəsait birbaşa VK-a köçürüləcək ki, bu da süründürməçilik hallarını aradan qaldıracaq. Çünki bəzi vəkillər ayrlarla o pulu ala bilmir. Bu barədə vəkillər mənə çoxsaylı müraciətlər edirdi.

Ermənistanı bu ittifaqdan kənarda qoymuşuq

Biz bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. VK illərlə təcrid olunmuş bir vəziyyətdə idi. Heç bir qurumla əməkdaşlıq etmirdi. Biz bu problem aradan qaldırdıq. Vəkillik kommersiya qurumu deyil. Bu qurumun fəaliyyəti açıq olmalıdır. Biz dövlət qurumu olmasaq da, gerbimizdə dövlət bayrağı, adımızda Repsublika sözü var. Azərbaycan Vəkillərinin statusu artıq Britaniyada tanınır. 1 milyon üzvü olan vəkil qurumu CBI-ə üzv olmuşuq.
Türkiyə və Gürcüstanla starteji əməkdaşlıq etmək üçün saziş bağlamışıq. Biz Ermənistanı bu ittifaqdan kənarda qoymuşuq. Cənubi Qafqazda Azərbaycan və Gürcüstan vəkilliyinin 100 illiyinə həsr olunan futbol turniri keçirəcəyik. 15 ölkə təmsil olunacaq və bu sırada Ermənistan yenə də olmayacaq.



Vəkillik gəncləşir

Bu gün Azərbaycanda vəkillik gəncləşir. Sovet dövründə vəkilliyə təqaüdə çıxan adamlar gəlirdisə, bu gün vəkillik üçün müraciət edən namizədlərin 80 faizi 30 yaşa qədər olan namizədlərdir.
ELSA ilə əməkdaşlıq edirik, “facebook” səhifəmiz var, orada pulsuz hüquqi məsləhətlər veririk. Məhdud maddi imkanlara baxmayaraq, gənclərə təqaüdlər verir, onların səfərlərini təşkil edirik. Artıq vəkilliyə qəbul imtahanında sualları çox sadələşdirmişik. Məhkəmə-hüquq sistemində ilk qurumuq ki, imtahanlarımız elektron qaydada keçirilir. Nəticədə şəffaflıq qorunur. VK maraqlıdır ki, bizim üzvlərimiz savadlı hüquqşünaslar olsun.

Regionlardakı problemlər

Bu gün regionlarda vəkillərin sayı çox aşağı səviyyədədir. Bakıda hər 2 min nəfərə bir vəkil düşür. Amma regionlarda vəziyyət acınacaqlıdır. Biz heç bir vəkili məcbur edə bilmərik ki, get regionda işlə. Amma biz stimullaşdırıcı addımlar atmışıq. Regionlarda işləyən vəkillərin üzvlük haqqını azaltmışıq. Regionda yaşayan vəkil Bakıya gəlib sənəd verməyə məcbur deyil. Sənəd qəbulunu elektronlaşdırmışıq. VK-nın saytında bütün vəkillərlə bağlı məlumat əldə etmək mümkündür.



VK kasıb, amma ləyaqətli qurumdur

Biz kənardan vəsait almırıq. Qrant almırıq, özümüz özümüzü maliyyələşdiririk. VK kasıb qurum olsa, şərəfli və ləyaqətli qurumdur.Vəkillər sağolsun ki, onlar bizim order markası ilə bağlı addımımızı dəstəklədi. Bu gün 200 min manatdan çox vəsait yığılıb. Bu bizə çox kömək oldu və gələcəkdə də olacaq. Problemi yaranan vəkillərə yardım edəcəyik.
Prezidentin fərmanında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyyə olunmuşdu. Yerli icra hakimiyyəti orqanları bəzən bizə kömək etməsə də, çalışırıq ki, vətəndaşlar narazı qalmasın.

Vəkillərə güzəşt təbiq olunmur

Qanunsuz vəkil adından istifadə edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bunun başqa yolu yoxdur. Bu gün ölkədə bütün peşə sahiblərinə güzəştlər tətbiq olunur, amma vəkillik kənarda qalıb. Hüquqşünas bir hüquq firması açanda yüksək dərəcədə vergi ödəyir. Bu gün prokurorluq orqanları əməkdaşlarının ödədiyi sosial sığorta 3 faiz, vəkillərdə isə 20 faizdir. Biz Vergilər Nazirliyinə müraciət etmişik. İstəyərdim ki, bu məsələni gündəmdə saxlayaq.
Vəkil sorğularına cavab verilməməsinə görə məsuliyyət nəzərdə tutulmalıdır. Vəkil hər hansı şirkətə sorğu verirsə, kommersiya sirridir deyib onu geri çevirmək olmaz. Eyni zamanda VK-a Ali Məhkəmənin Plenumunda iştirakına şərait yaradılmalı və VK-a Konstitusiya Məhkəməsinə sorğu hüququ verilməlidir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Anar_Bağırov   #Vəkillər_Kollegiyası   #hüquq   #qanun   #məhkəmə   #vəkil  

Oxunub: 3423