Salonikidə doğulub Moskvada ölən türk şairi - Nazım Hikmətin anım günüdür


10:50     03 İyun 2019 19_06_03_1559544333.jpg

Türk dünyasının unudulmaz şairi Nazim Hikmətin vəfatından 56 il ötür.

Nazim Hikmət 1902-ci il yanvarın 15-də zadəgan ailəsində anadan olub. Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə ölkədən xaric edilib. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunub. 1920-ci ildə milli azadlıq uğrunda vuruşan Anadoluya gedib. 1921-ci ildə Sovet Rusiyasına köçüb, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib.

Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gedir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatdıqdan sonra işdə heç bir dəlil-sübut olmadığına görə azad edilir.

1929-cu ildə "835 sətir", 1930-cu ildə "Baron-3", 1930-cu ildə "1+1=1", 1931-ci ildə "Səsini itirmiş şəhər" kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapıb. 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya – u" poeması, 1932-ci ildə yazdığı "Benerci özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlir. Onun "Kəllə", 1932-ci ildə "Bir ölü evi, yaxud mərhumun naləsi", "Bayramın ilk günü", 1935-ci ildə "Şöhrət və ya unudulan adam" pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunub. Bir ildən sonra amnistiya əsasında azad edilib. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum edilib.



1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – "Şeyx Bədrəddinin dastanı" çapdan çıxır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini həbsxanada yazıb. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olub.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə "Türkiyədə", "Qərib adam", "İvan İvanoviç vardımı, yoxdumu", "Domokl qılıncı" və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər ("Bir məhəlləli iki oğlan", "Sevdalı bulud", "Yaşamaq gözəldir, qardaşım", "Məhəbbətim, kədərim mənim") çəkilib.



Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirib. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirib. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olub.



Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdı. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

Femida.az

Açar sözlər: #Moskva   #SSRİ   #Saloniki   #Yunanıstan   #İstanbul   #Türkiyə   #Rusiya   #şair  

Oxunub: 1937