Apostil və leqallaşdırma nədir? - Hüquqi maarifləndirmə


10:05     26 Noyabr 2019 19_06_04_1559637259.jpg


Azərbaycanda alınan sənədlərin, arayışların, hüquqi aktların və s. xaricdə tanınması üçün mütləq apostil və leqallaşdırma aparılmalıdır.

Apostil və leqallaşdırma nədir? Necə aparılır? Bu iki proses arasındakı fərqlər, eləcə də rüsumlar barədə Femida.az hüquqi maarifləndirici yazını təqdim edir.


1. Sənədlərə apostilin verilməsi və ya onun leqallaşdırması nə deməkdir?

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.

Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.

2. Apostilin verilməsi ilə leqallaşdırma arasında fərq nədədir?

Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqini zəruri edir.
Leqallaşdırma:

• sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur;
• leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.


Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.

3. Hansı sənədlərə apostil verilir?

Hansı sənədlərə apostilin verilməsini "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" Haaqa Konvensiyanın üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə aşağıdakı sənədlərə apostil verilir:

• dövlət orqanları tərəfindən verilən sənədlər (məs:diplom, arayış, çıxarış və s.);
• məhkəmə sənədləri;
• notariat qaydasında təsdiq edilmiş sənədlər ( o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).


4. Hansı orqan tərəfindən sənədlərə apostil verilir?

Ədliyyə Nazirliyi aşağıdakı sənədlərə münasibətdə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində müəyyən edilib:

• məhkəmələrin verdiyi sənədlər;
• prokurorluq orqanlarının sənədləri;
• ədliyyə orqanlarının sənədləri;
• notariat qaydasında təsdiq edilmiş sənədlər;
• vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına sənədlər.


Digər sənədlərə münasibətdə isə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.

5. Hansı orqan tərəfindən sənədin leqallaşdırması həyata keçirilir?

Konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir. Sənədin əslinin konsul leqallaşdırması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir. Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat ofisinə məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

6. Hansı sənədlərə apostil verilmir?

Diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə apostil verilmir.

7. Hansı ölkələrdə apostil deyil leqallaşdırma tətbiq edilir?

"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir.

8. Apostilin verilməsi müddəti

Sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir.
Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.
Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

9. Apostil verilməsi və ya leqallaşdırma üçün sənədlərin verilməsi

Apostilin verilməsi və ya leqallaşdırma sənədin əsli və ya onun notariat qaydasında təsdiq edilmiş surət və yaxud tərcüməsinə münasibətdə həyata keçirilə bilər.
Sənəd aşağıdakı qaydada Ədliyyə Nazirliyinə təqdim oluna bilər:

• bilavasitə sənəd sahibi tərəfindən;
• notariat ofisləri vasitəsi ilə;
• "ASAN xidmət" mərkəzləri vasitəsi ilə;
• üçüncü şəxslər tərəfindən.


10. Apostilin verilməsi üçün sənədlərə dair tələblər

Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir. Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi "əvəzinə" sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.

Qeyd: Qanunvericiliyin tələblərinə uyğun olaraq pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır. Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır. Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.

Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

11. Apostilin verilməsi və ya leqallaşdırma üçün dövlət rüsumu

Bir sənədə apostilin verilməsinə görə dövlət rüsumu 10 manat təşkil edir.
Leqallaşdırma üçün təqdim olunan sənədin təsdiqinə görə dövlət rüsumu nəzərdə tutulmur.

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #apostil   #leqallaşdırma   #XİN   #Ədliyyə   #femida  

Oxunub: 13363