Kənd Təsərrüfatı Nazirliyinin Dovşançılıq təsərrüfatının açılışı olub


17:05     07 İyun 2019 19_06_07_1559912472.jpg

Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Dovşançılıq təsərrüfatının açılışı olub.


APA-nın xəbərinə görə, tədbirdə nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Dovşançılar Assosiasiyasının və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.

Mərasimdə Dovşançılıq təsərrüfatı ilə tanışlıq olub. Daha sonra mərkəzin şöbə müdiri Nicat Nəsirli çıxış edərək bildirib ki, bu gün Azərbaycanda 30-dan çox dovşan cinsləri yayılıb: “Əhalinin ətə olan tələbatının durmadan artması alternativ zülal qaynağına ehtiyacı da gündəmə gətirib. Bu mənada ən səmərəli əvəzləyici dovşan əti hesab olunur. Azərbaycanda dovşan təsərrüfatlarının getdikcə artırılması nəzərdə tutulur. Dovşançılar Assosiasiyası tərəfindən bu sahənin inkişafı məqsədilə müxtəlif tədbirlər görülür. Hazırkı mərhələdə isə damazlıq, cins və seleksiya ilə bağlı problemlərin həlli istiqamətində iş aparılır”.

Dovşançılar Assosiasiyasının nümayəndəsi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda dovşançılığa marağın artması bu sahə ilə məşğul olan təsərrüfatların sayını da artırıb. Onun sözlərinə görə, hazırda fərdi təsərrüfatlarda 160-a yaxın fermer tərəfindən 8000-dən artıq dovşan bəslənir. Dovşan ətinə tələbat isə artmaqda davam edir.

Sonda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda sözügedən sahənin problemlərini daha geniş müzakirə etmək üçün konfrans keçirilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkədə fəaliyyət göstərən dovşançılıq fermerlərinin birləşdirilməsi və dovşançılığın elmi əsaslarla inkişafına nail olunmasıdır. Gələcəkdə dovşançılıq təsərrüfatlarının sayının artırılması nəzərdə tutulur.

Konfransdan sonra iştirakçılara dovşan ətindən hazırlanmış təamlar təqdim edilib.

Açar sözlər:

Oxunub: 2055