İki güləşçimiz Avropa çempionatının finalına çıxdı


22:33     07 İyun 2019 2019/06/15599-155993129822-33-18-_1559932489.jpg

Azərbaycanın iki gənc güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında final mərhələsinə yüksəlib.

Iyunun 8-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən gənc sərbəst güləşçilər mübarizəyə qoşulub.

Altmış beş kiloqram çəki dərəcəsində yarışan Turan Bayramov səkkizdəbir finalda güclü rəqiblə qarşılaşıb. Yeniyetmələr arasında dünya, Avropa və Olimpiya çempionumuz Gürcüstan idmançısı Amiran Vaxtanqaşvilini minimal fərqlə məğlub edib. Pəhləvanımız daha sonra Fransa təmsilçisi Marvane Əhməd Yezzanı üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisi Nikolay Qrahmezin də öhdəsindən gələrək finala vəsiqə qazanıb.

Digər idmançımız Abubakr Abakarov (79 kq) da çempionata inamla başlayıb. Güləşçimiz Belarus idmançısını 1 dəqiqə 30 saniyəyə məğlub edib. Yığmamızın üzvü Litva təmsilçisinə də vaxtından əvvəl qalib gələrək adını yarımfinala yazdırıb. O, bu mərhələdə estoniyalı rəqibinə də göz açmağa imkan verməyərək qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub.

Digər pəhləvanlarımız Azər Əhmədov, Elmar Kazımov və Sənan Əlizadə rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, final görüşləri iyunun 8-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Açar sözlər:

Oxunub: 414