Vasif Talıbov Hulusi Akarla görüşüb


09:03     11 İyun 2019 2019/06/CD77C5DD-4EB3-4DAA-839F-1839A3FED971_1560229203.jpeg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb.

Femida.az xəbər verir ki, Talıbov Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə türkiyəli nazirə hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirib.

“Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulmuşdur. 1993-cü ildən isə münasibətlərimiz bir millətin, iki dövləti səviyyəsinə yüksəlmiş, ötən dövrdə ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq strateji tərəfdaşlığımız daha da möhkəmlənib.

Ali Məclisin Sədri deyib: Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bugünə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbiçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməmiş, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Hulusi Akar Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirərək deyib:

“Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb, Naxçıvanın inkişafının qardaş ölkədə məmnunluqla qarşılandığını vurğulayıb.

Ali Məclisin Sədri Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 161