Bakı-Quba yolu dağılıb - Video


09:21     11 İyun 2019 19_06_11_1560232151.jpg

Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.


Femida.az Xezerxeber.az-a istinadən xəbər verir ki, magistral yol dağılıb.

Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırki vəziyyəti sözün əsl mənasında ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.




Yolun hazırki vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik.Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırki vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə ümumiyyətlə bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.

Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.

Açar sözlər:

Oxunub: 709