Milli qəhrəman İsrafil Şahverdiyevin doğum günüdür


10:30     11 İyun 2019 2019/06/5437532_2_1560234656.jpg

İsrafil Şahverdi oğlu Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda dünyaya gəlib. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. 15 yanvar 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Femida.az bildirir ki, İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətini yerinə yetirib. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi işə başlayıb.

Ermənilər torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Döyüşlərdə İsrafilin igidlikləri çox idi. O, Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmiş, şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tutulmasında böyük rol oynamışdı.

1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edərək, onlarla erməni silahlısını məhv etdi.



6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçir və düşmənə atəş yağdırır. Bu zaman qarşı tərəfdən atılan güllə onun həyatına son qoyur.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilir.

İsrafil Şahverdiyevin məzarı

İsrafil Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Hökumə adlı xanımla evil olan milli qəhrəmanın üç övladı onun adını yaşadır. Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.



Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #Milli_qəhrəman   #Qarabağ   #polis  

Oxunub: 2039