Vasif Talıbov nə demək istədi?


15:17     12 İyun 2019 19_06_12_1560338373.jpg

Əslində Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır.



Femida.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycan səfərinin pərdəarxası detallarına aydınlıq gətirilib.

Təhlildə bildirilib ki, Vasif Talıbovun Hulusi Akarla görüşündə səsləndirdiyi fikirlər bir çox məqamlardan xəbər verir:

“Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi. Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənin Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söylədi. Diqqət çəkən məqamlardan biri 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisinin xidmət keçməsi olub. Eyni zamanda Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib. Bunların açıq sölyənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır”.

Təhlildə qeyd edilib ki, onsuz da ermənilər Türkiyənin Naxçıvanda hərbi varlığının onlarda şübhə doğurmadığını və son hərbi təlimlərin Ermənistana qarşı yönəldiyini açıq-aşkar deyir:

“Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənilər də eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Təhlildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafizə nazirlərinin Qəbələdə keçirdiyi görüşə də diqqət çəkilib:

“Qəbələdə keçirilən görüşdə Z.Həsənov ayrı-ayrılıqda Türkiyə və Gürcüstan müdafiə nazirləri ilə görüşdü. Zakir Həsənov hər iki görüşdə də önəmli fikirlər söylədi. Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşündə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmadı. Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur. Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tblisi Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinsin. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın özünə lazımdır, bu onun maraqlarına xidmət edir”.

Açar sözlər:

Oxunub: 1449