Nazirlik vətəndaşlara müraciət edib


15:54     12 İyun 2019 EKOLOGIYA%20VE%20TEBII.PNG

"Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların başvermə təhlükəsini nəzərə alaraq sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub".


Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Nazirlik rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davranılmalı, söndürülməmiş siqareti yerə atmamalı, təbiətdə olarkən tonqalları söndürməli, fermerlər kövşənləri yandırmamalıdır: "Əhalini, xüsusilə də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".

A.Qaraşov qeyd edib ki, bu il meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kubmetr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb: "İlk növbədə, oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir".

O vurğulayıb ki, rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun veriləcək: "Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud təlabatın çox cuzi bir hissəsini təşkil edir. Ümumiyyətlə, meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın".

ETSN rəsmisi həmçinin əlavə edib ki, Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləmələri keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 403