Taxılı biçib sahəni yandıran fermeri HANSI CƏZA GÖZLƏYİR?


16:23     12 İyun 2019 19_06_12_1560342365.jpg


Yay mövsümünün gəlişi ilə əlaqədar ölkədə biçin prosesinə strat verilib. Bu günə olan operativ məlumata görə, 235 min hektar ərazidə taxıl biçini aparılıb. Biçin prosesindən sonra fermerlərin gördüyü işlərdən biri də sahənin yandırılmasıdır. Fermerlərin fikrincə, bu torpağı təmizləyir. Hesablamalara görə, hər il Azərbaycanda kövşənliklərin təqribən 40%-i yandırılır.


Bu proses aqrotexniki və ekoloji baxımdan nə dərəcədə düzgündür? Həqiqətənmi torpağın yandırılması məhsuldarlığı artırır? Yanğına görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulur?

Suallara mütəxəssislər vasitəsilə aydınlıq gətirmişik.

Kənd təsarrüfatı üzrə ekspert Nicat Nəsirli Femida.az-a açıqlamasında bildirib ki, bu cür yanğınlar zamanı meşəqoruyucu zolaqlar da yanır:

“Çoxlu miqdarda quş, kirpi, dovşan və digər heyvanlar məhv olur. Torpağa ziyan dəyir, münbit qat məhv olur, məhsuldarlıq azalır. Sahənin yandırılmasında torpağın hər hektarında üzvi maddənin və səth qatının elə miqdarı məhv edilir ki, onun əvəz olunmasından ötrü torpağın hər hektarına təxminən 15 ton peyin verilməlidir.



Çoxları düşünür ki, kül tarlanı yaxşı gübrələyir, mineral və üzvi gübrələrə qənaət olunur. Bəzi təsərrüfatçılara elə gəlir ki, kövşənlikləri yandırma ziyanvericilərin və xəstəliklərin kökünü kəsməyə kömək edir və tarlaları təmizləyir.
Bunlar yalnış fikirlərdir. Yanğın nəticəsində tarlalarda mikroflora məhv olur, torpaqda münbit qat - humus toplanması dayanır, atmosfer havası çirklənir. Lakin çoxları bilmir ki, biçin zamanı sahəyə tökülmüş bitki qalıqlarının minerallaşması nəticəsində torpaq üzvi maddələrlə zənginləşir.Ona görə yandırmaq sərfəli üsul deyil”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin hansı işləri gördüyü ilə maraqlanmaq üçün nazirliyin mətbaut katibi Vüqar Hüseynovla əlaqə salxalıq. V.Hüseynov Femida.az-a bildirdi ki, nazirlik yanğınlara görə, 2 istiqamətdə ciddi maarifləndirmə işləri aparır:

“Bu işi təkcə biçin ərəfəsində yox, ilboyu davam etdiririk. Əsasən 2 istiqamətdə maarifləndirmə işləri aparırıq. Birincisi, taxıl sahələri biçildikdən sonra kövşənliyin yandırılmasına qarşıdır. Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları daim kəndlərdə fermerlərlə söhbətlər aparır.

Fermerlərdə belə bir təəssürat var ki, o kül torpağa xeyirlidir. Amma tam əksinə, yanğın zamanı yüksək temperatur torpağı zədələyir, münbitlik azalır. Ona görə gələn il həmin ərazilərdə məhsuldarlıq üçün daha çox üzvi gübrə tələb olunur. Biz fermerlərə alternativ təklif edirik ki, yeni gətirilən kombaynlar biçin zamanı avtomatik olaraq samanı xırdalayaraq toz halında sahəyə səpir. Bu əslində orqanik gübrə sayılır. Nəticədə sahəni yandırmağa ehtiyac qalmır”.



V.Hüseynovun sözlərinə görə, ikinci istiqamət isə sahələrdə qəfildən başlayan yanğınlarla bağlıdır:

“Biz monitorinqlər keçirdik və belə qərara gəldik ki, yanğınların əksəriyyəti insan faktoruna görə baş verir. Xüsusilə də yol kənarlarında yerləşən ərazilərdə. Bu necə baş verir? Maşınla hərəkət edərkən söndürülməmiş siqareti sahəyə atırlar. Yaxud sahə kənarında dayanarkən siqareti söndürmədən yerə atırlar. Nəticədə yanğın baş verir. Bunun da çıxış yolu var.Yol kənarında sahəsi olan fermerlərə tövsiyə olunur ki, sahə boyu şum aparsınlar. Yəni yolla sahə arasında şum ərazisi – ayırıcı sədd olmalıdır. Bu yanğın ehtimalını azı 50 faiz azaldır”.

Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün vəkil Səbuhi Həmidova müraciət etdik. Hüquq müdafiəçisinin Femida.az-a açıqlamasına görə, fermerlərin məhsuldarlıq məqsədi ilə torpaqları bu cür yandırması məsuliyyət yaradır:

“İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə (Əkin yerlərinin yandırılması) görə, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnir.

Cinayət Məcəlləsinin 186-cı maddəsində isə göstərilir ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.



Vəkilin sözlərinə görə, ehtiyatsızlıqdan sahəni yandırmaya görə isə CM-in 187-ci maddəsində məsuliyyət nəzərdə tutulur:

“Özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

S.Həmidovun bildirib ki, sahə təbii fəlakət nəticəsində məhsulu ilə bir yerdə sığortalanıbsa, sahibkara kompensasiya ödənilir. Əgər sahə qəsdən yandırılıbsa, məhkəmədə iddia qaldırıla bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #iqtisadiyyat   #taxil   #sahə   #kənd   #fermer   #biçin   #taxıl   #yanğın   #FHN  

Oxunub: 1409