Məmmədyarov ATƏT PA-nın prezidentini qəbul edib


20:03     12 İyun 2019 2019/06/E57DE5F7-0CC1-44C2-A0E1-D7A4D6B81BA4_1560355213.jpeg

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

XİN-dən Femida.az -a verilən məlumata görə, Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verdi. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışın danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğuladı. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir, işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini söylədi.

Öz növbəsində, George Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini bildirərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğuladı. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd etdi. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu söylədi.

Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə etdilər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Femida.az

Açar sözlər:

Oxunub: 296