"Qaynar xətt"i işləməyən bulvarda çay 12 manatdır - QİYMƏTLƏRİ KİM MÜƏYYƏN EDİR?


12:06     13 İyun 2019 19_06_13_1560411823.jpg


Dənizkənarı bulvar ərazisində qiymətlərlə bağlı məsələ dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, hər il, xüsusilə də yay mövsümündə analoji problem yaşanır. Paytaxt sakinlərinin istirahət üçün ən çox üz tutduğu ərazi olan Milli Parkda bahalıq hamını narazı salır. Havaların istiləşməsi ilə əlaqədar bulvara axının çoxalması sahibkarlar üçün müştəri bolluğu deməkdir. Vəziyyətdən istifadə edən park ərazisindəki kafe sahibləri istədikləri qiymət siyasətini yürüdürlər.


Dünən axşam saatlarında bulvarda Xalça Muzeyi yaxınlığında yerləşən kafelərdən birində əyləşdik. Masaya yaxınlaşan ofisiant dərhal çay və yanında müxtəlif şirniyyatlar, konfetlər, mürəbbələr və s. gətirdi. Ardınca bildirdi ki, çayın yanında minimum 2 əlavə sifariş etməlisiz. Bir sözlə şəhərimizin bütün kafelərində mövcud olan “sadə çay verilmir” prinsipi burada da keçərli idi. Təklif edilən, daha doğrusu almağa məcbur edilən bu çayın qiyməti 12 manatdır: Çayla yeyiləcək əlavələrin hər biri 5 manat, çay 2 manat. Əlavə sifariş edilən hər bir çaynik isə 3 manatdır. Yəni burada əyləşən şəxslər minimum 12 manat hesab ödəməlidir. Sonda kassa çeki tələb etsək də, kassa aparatının işləmədiyini bildirdilər.



Vəziyyətin digər kafelərdə də eyni olub-olmadığını müqayisə etmək üçün daha 2 kafedəki qiymətlərlə maraqlandıq. “Sadə çay verilmir” prinsipi burada da keçərli idi. Amma buradakı qiyməti eşidəndə əvvəlki kafe sahibinin insaflı olduğunu başa düşdük. Burada çay və mürəbbə 10 manatdır.

Digər bir kafedə isə tamam fərqli siyasət yürüdülür. Burada stollarla yanaşı divanlar da qoyulub və divanda əyləşib çay içmək istəyənlərə çay yalnız dəstgah şəklində (mürəbbə, şokolad, şirniyyat) verilir ki, bunun da qiyməti 22 manatdır.

Məsələ ilə bağlı Bulvar İdraəsinin “Qaynar xətti”nə zəng etsək də, cavab ala bilmədik. 012 480 18 36 nömrəli “qaynar xətt” ümumiyyətlə işləmirdi. Daha əvvəl “qaynar xətt” kimi fəaliyyət göstərən 055 282 70 00 nömrəsinə cavab verən şəxs isə artıq buranın “qaynar xətt” olmadığını bildirdi. Telefon cəhdimiz uğursuz olduğu üçün idarənin veb saytında hər hansı məlumat tapmaq istədik. Lakin qarşılaşdığımız mənzərə aşağıdakı kimi oldu:



Bu gün isə məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı ilə əlaqə saxladıq. O, Femida.az-a açıqlamasında bildirdi ki, Dənizkənarı Bulvar İdarəsi bu məsələdə heç bir məsuliyyət daşımır:

“Bulvardakı kafelər sadəcə bu ərazidə yerləşən obyektlərdir. Bizim idarəmizə məxsus deyillər. Odur ki, kafelərdəki qiymətlərin tənzimlənməsini də Bulvar İdarəsi həyata keçirmir. İdarə sadəcə həmin obyektlərə qiymətlərlə bağlı tövsiyələr verir. İdarəmiz qiymətlərin daha aşağı qoyulması ilə bağlı mütəmadi tövsiyələrini verir. Ancaq rəsmi olaraq bizim qiymət siyasətinə müdaxilə etmək hüququmuz yoxdur. Qiymətlərlə bağlı sualları kafe sahiblərindən soruşsanız, daha yaxşı olar”.



Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Dənizkənarı Bulvar İdarəsinin nizamnaməsinə əsasən, Bulvar İdarəsinin balansında olan əmlakı icarəyə vermək və ya ondan istifadə etmək idarənin hüquqdur. Milli Park ərazisində kommersiya və qeyri-kommersiya fəaliyyətini həyata keçirmək üçün müraciət edən fiziki və hüquqi şəxslərlə müqavilələr bağlamaq, ticarət və iaşə fəaliyyətini təşkil etmək isə idarənin vəzifəsidir.

Ümid edirik ki, Bulvar İdarəsi bu sahədəki tövsiyələrini gücləndirər və süni qiymət artımım qarşısını alar.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #bulvar   #hüquq   #qanun   #femida   #araşdırma   #reportaj   #park   #qiymət   #çay   #istirahət   #Bakı  

Oxunub: 3382